XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Deputat: "Ermənistanda Azərbaycanın mədəni irsi ilə bağlı iddialar qəbuledilməzdir"
Siyasət11:16 25.09.2026

Deputat: "Ermənistanda Azərbaycanın mədəni irsi ilə bağlı iddialar qəbuledilməzdir"

"Ermənistanda Azərbaycanın maddi-mədəni irsinə dair müxtəlif iddiaların irəli sürülməsi və tarixi faktların təhrif olunması cəhdlərinin davam etdirilməsi qəbuledilməzdir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, tarixi və mədəni irs siyasi məqsədlər naminə yenidən yazıla bilməz:

"Bu məsələdə əsas meyar emosiyalar deyil, tarixi mənbələr, arxeoloji materiallar, elmi araşdırmalar və beynəlxalq hüququn prinsipləri olmalıdır. Azərbaycanın mədəni irsi ilə bağlı mövqeyimizi də məhz bu əsaslar üzərində qurmalı, hər bir iddiaya faktlarla cavab verməliyik. Azərbaycanın UNESCO çərçivəsində həm maddi, həm də qeyri-maddi mədəni irs üzrə kifayət qədər geniş və sənədləşdirilmiş irsi mövcuddur".

Deputat hesab edir ki, beynəlxalq müstəvidə atılmalı ən vacib addımlardan biri Azərbaycanın mədəni irsinə dair bütün tarixi faktların, arxiv sənədlərinin, xəritələrin, foto və video materialların, eləcə də elmi araşdırmaların vahid və sistemli elektron bazada toplanmasıdır:

"Bununla yanaşı, UNESCO, İSESCO, ICOM və digər beynəlxalq qurumlarla əməkdaşlıq gücləndirilməli, xarici alimlərin və müstəqil ekspertlərin iştirakı ilə araşdırmaların aparılması təmin olunmalıdır. Azərbaycan artıq UNESCO çərçivəsində öz mədəni irsinin qorunması və işğal dövründə dağıdılmış irsin sənədləşdirilməsi istiqamətində fəaliyyət göstərir".

Arzuxan Əlizadənin fikrincə, məqsəd yalnız qarşı tərəfin iddialarını təkzib etmək deyil, Azərbaycanın zəngin mədəni irsini beynəlxalq elmi ictimaiyyətə daha geniş şəkildə təqdim etmək olmalıdır:

"Mədəni irs məsələsində ən güclü cavab sənədləşdirilmiş tarix, elmi əsaslandırma və beynəlxalq platformalarda ardıcıl diplomatik fəaliyyətdir. Biz öz tariximizi və irsimizi nə qədər sistemli şəkildə araşdırıb dünyaya təqdim etsək, saxta iddiaların beynəlxalq müstəvidə qəbul olunması üçün bir o qədər az imkan qalacaq".

Bahar Rüstəmli