XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Səudiyyə Ərəbistanının Baş Müftisindən orduya çağırış: "Hazır olun"
Dünya15:12 25.09.2026

Səudiyyə Ərəbistanının Baş Müftisindən orduya çağırış: "Hazır olun"

Səudiyyə Ərəbistanının baş müftisi Saleh əl-Fövzan Ərəb Koalisiyasının qüvvələrini birlikdə hərəkət etməyə çağırıb. Fövzan hərbçilərdən rəhbərlərinin əmrlərini yerinə yetirməyi və ölkənin sərhədlərini qorumaq uğrunda mübarizəyə hazır olmağı tələb edib.

Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyinin məlumatına görə, Fövzan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının qüvvələrində və Səudiyyə ordusunda xidmət edən hərbçiləri vəzifələrini birlikdə yerinə yetirməyə çağırıb.

O, Yəməndə təhlükəsizlik və sabitliyin yenidən təmin edilməsinin əsas vəzifələrdən biri olduğunu bildirərək, Ərəb Koalisiyasının qüvvələrini sıralarını möhkəm saxlamağa çağırıb.

“Siz ölkədə fitnə yaymış, xalqı parçalamış, hakimiyyətə qarşı üsyan etmiş və müsəlmanların müqəddəs dəyərlərinə zərər vurmağa çalışmış düşmənlə mübarizə apardığınızı bilməlisiniz”, deyə Fövzan bildirib.

“Vəzifənizi yerinə yetirməyə hazır olmalısınız”

Səudiyyə ordusunun hərbçilərini də vəzifələrini səbrlə yerinə yetirməyə çağıran Fövzan deyib:

"Siz hər zaman vəzifənizi yerinə yetirməyə, rəhbərlərinizə və sahə komandirlərinizə qulaq asmağa və onların əmrlərini maksimum dəqiqliklə yerinə yetirməyə hazır olmalısınız".

Fövzan ölkəni qorumağın, sərhəd bölgələrində mövqelər tutmağın və hücumları dəf etməyin ən mühüm vəzifələr sırasında olduğunu bildirib.

O, Səudiyyə Ərəbistanının ərazisinə yönələn hücumlara qarşı mübarizə aparılmasının vacibliyini vurğulayıb. Fövzan müsəlmanların müqəddəs məkanlarının ölkə ərazisində yerləşdiyini qeyd edərək, ölkənin müdafiəsi üçün insanların canlarını fəda edə biləcəyi mesajını verib.

Məkkə, Ciddə, Taif, Yanbu və Təbuk bölgələri üçün fövqəladə vəziyyət xəbərdarlığı edilmişdi

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi ABŞ-ın “X” şirkətinə məxsus sosial media platformasındakı hesabında Məkkə əl-Mükərrəmə, Ciddə, Taif, Yanbu və Təbuk şəhərlərində yarana biləcək fövqəladə vəziyyətlərlə bağlı xəbərdarlıq edib.

Açıqlamada əhalidən can və əmlak təhlükəsizliyinin qorunması məqsədilə Mülki Müdafiə əməkdaşlarının təlimatlarına əməl etmək, toplanış məntəqələrindən uzaq durmaq və görüntü çəkməmək tələb olunub.

Mülki Müdafiə Baş İdarəsi daha sonra yaydığı açıqlamada sözügedən təhlükənin aradan qalxdığını bildirib.

Husilərin atdığı 6 raket zərərsizləşdirilib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Türki əl-Maliki ABŞ-ın “X” sosial media platformasındakı hesabında Husilər tərəfindən buraxılan 6 ballistik raketin qarşısının alındığını və məhv edildiyini açıqlayıb.

Onun sözlərinə görə, Taif və Yanbunu hədəf alan hücumlar da hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib. Maliki Husilərin hücumlarına qətiyyətlə qarşılıq verəcəklərini bildirib.

Aydın