Fəsillərarası dövrdə evdə kondensat yaranması riski artır. Bu, xüsusilə pəncərələrdə nəzərə çarpır. Bəzən şüşələrdə hətta pəncərənin altlığına axan su damcıları da əmələ gəlir. Üstəlik, adi şəkildə pəncərələri silmək çox vaxt problemi həll etmir.
Qaynarinfo "Good Housekeeping"ə istinadən xəbər verir ki, otaqlarda kondensatın daha çox yaranmasına səbəb ola bilən bir sıra vərdişlər var.
Birinci vərdiş – pəncərələri açmamaq və otağı havalandırmamaqdır. Xüsusilə səhərlər bunu etmək vacibdir. Yataq otağında havalandırma daha böyük əhəmiyyət daşıyır, çünki bir insan gecə ərzində 200 millilitrədək su buxarı xaric edə bilər.
Otağı təmiz hava ilə təmin etmək üçün onu ən azı 30 dəqiqə havalandırmaq lazımdır. Bu zaman yatağı dərhal yığmamaq, yataq dəstinin də havalanmasına imkan vermək tövsiyə olunur.
İkinci vərdiş – hamam otağını digər otaqlar vasitəsilə havalandırmaqdır. Duş zamanı yaranan nəm buxar mənzildə ümumi rütubəti artırır. Bu buxarı birbaşa havalandırma sisteminə və ya hamam otağındakı pəncərədən xaric etmək daha məqsədəuyğundur.
Digər aşkar rütubət mənbəyi mətbəxdir. Yemək bişirərkən yaranan buxarın qarşısını almaq çətin olsa da, daim qaynayan çaydanla bağlı vəziyyəti dəyişmək mümkündür. Bundan əlavə, bitki çayları və qəhvə dəmlənərkən suyun 100 dərəcəyə qədər qızdırılması tələb olunmur. Bu yolla otaqda yaranan artıq buxarın qarşısını almaq olar.
Payızda havanın dəyişkən olduğu dövrdə paltarları evdə qurutmaq bəzən yeganə seçim olur. Lakin qurutma zamanı, xüsusilə aşağı sürətli sıxma rejimindən istifadə edildikdə, havaya böyük miqdarda rütubət yayılır. Elə buna görə də paltar və yataq dəstlərini tez-tez yumaqdan çəkinmək tövsiyə olunur.
Mənzildə payız aylarında rütubəti azaltmağın başqa bir yolu isə bir müddət buxarlı təmizləyicilərdən və buxar funksiyalı ütülərdən istifadə etməməkdir. Onlardan istifadə etmək zəruridirsə, cihazları yaxşı havalandırılan otaqda işə salmaq lazımdır. Cihazların istifadəsindən təxminən 1-1,5 saat sonra otaq yenidən havalandırılmalıdır.
Pəncərələrdəki kondensatı necə aradan qaldırmaq olar?
Pəncərələrdə kondensat “şeh nöqtəsi” adlanan effekt səbəbindən yaranır. Otaqdakı isti və nəmli hava soyuq şüşə səthi ilə təmasda olduqda sürətlə soyuyur və havadakı su buxarı mayeyə çevrilir.
Bunun qarşısını etibarlı şəkildə almağın əsas yolu havalandırmadır. Hətta 15 dəqiqəlik havalandırma belə pəncərələrdəki rütubətin uzun müddət aradan qalxmasına kömək edə bilər.
Aydın
Şərhlər