Mətbəxin təmiz qalması yalnız vaxtaşırı aparılan ümumi təmizlikdən deyil, düzgün planlaşdırılmış gündəlik, həftəlik və aylıq təmizlik rejimindən asılıdır. Təmizlik işləri müəyyən qrafik üzrə yerinə yetirildikdə həm gigiyenanı qorumaq, həm də çirkin yığılmasının qarşısını almaq daha asan olur.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər bildirirlər ki, mətbəxdə çiy və bişmiş qidalar, qab-qacaq, su və istilik bir araya gəldiyi üçün burada mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır. Buna görə də mətbəx mütəmadi olaraq təmizlənməlidir. Təmizlik yalnız görünən ləkələrin silinməsi deyil, bakteriyaların çoxalmasına səbəb olan yağ və qida qalıqlarının aradan qaldırılması deməkdir.
Hər gün nələr təmizlənməlidir?
Mütəxəssislərin tövsiyəsinə görə, istifadə olunan qablar dərhal yuyulmalı və ya qabyuyan maşına yerləşdirilməlidir. Çirkli qabların gecə boyu saxlanılması bakteriyaların çoxalmasına və xoşagəlməz qoxuların yaranmasına səbəb olur.
Mətbəx dəzgahı hər istifadədən sonra təmizlənməlidir. Xüsusilə çiy ət, balıq və yumurta ilə təmasdan sonra səthin həm yuyulması, həm də dezinfeksiya edilməsi tövsiyə olunur.
Bundan başqa, hər gün çanaq (mətbəx sinki) yuyulmalı, plitə və gündəlik istifadə olunan məişət texnikasının səthi silinməli, yemək masası, soyuducu və sobanın tutacaqları dezinfeksiya edilməli, zibil qutusu boşaldılmalı, döşəmə süpürülməli və ya tozsoranla təmizlənməlidir.
Həftədə bir dəfə görüləcək işlər
Həftəlik təmizlik zamanı döşəmə tam şəkildə yuyulmalı, soyuducu, qabyuyan maşın, mikrodalğalı soba və digər məişət texnikasının xarici səthləri silinməlidir. Mikrodalğalı sobanın içi də həftədə ən azı bir dəfə təmizlənməlidir.
Bundan əlavə plitənin ətrafındakı divar örtükləri yağdan təmizlənməli, zibil qabı yuyulmalı, soyuducuda vaxtı keçmiş məhsullar yoxlanılmalı,
mətbəx şkaflarının tutacaqları və qab-qacaq saxlanan yerlər silinməlidir.
Ayda bir dəfə dərin təmizlik vacibdir
Ayda bir dəfə aspiratorun filtrləri yağdan təmizlənməlidir. Əks halda həm cihazın səmərəliliyi azalır, həm də yağ yığıntıları yanğın riski yarada bilər.
Eyni zamanda soyuducu tam boşaldılıb rəfləri yuyulmalı, sobanın içi dərin təmizlənməli, qabyuyan maşının filtri yuyulmalı, mətbəx şkaflarının və siyirmələrin içi təmizlənməli, kiçik məişət texnikasının arxasında yığılan toz və çirk aradan qaldırılmalıdır.
Mütəxəssislər qeyd edirlər ki, bu cür planlı təmizlik mətbəxdə gigiyenanı qorumaqla yanaşı, məişət texnikasının ömrünü uzadır, bakteriyaların, xoşagəlməz qoxuların və həşəratların yaranmasının qarşısını alır.
Günay
Şərhlər