Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır.
Qaynarinfo xəbər verir ki, "Discover Wildlife" nəşrinin məlumatına görə, Amerika mustanqları vəhşiləşmiş ev atları olsa da, Prjevalski atları əsl vəhşi at növü kimi qəbul edilir. Onlar ev atlarının yaxın qohumu olsalar da, genetik baxımdan fərqlənirlər. Prjevalski atlarında 66, ev atlarında isə 64 xromosom mövcuddur.
Bu atlar nisbətən kiçikboylu, güclü bədən quruluşuna və qısa yallara malikdir. Onların əksəriyyətinin beli boyunca tünd zolaq uzanır. Üz hissəsi, göz ətrafı və qarın nahiyəsi açıq rəngdə olur. Rəng çalarları isə açıq qum rəngindən tünd qəhvəyi tonlara qədər dəyişir.
Prjevalski atlarının ən qədim təsvirləri İtaliya, Fransa və İspaniyadakı mağara rəsmlərində aşkarlanıb və təxminən 20 min il əvvələ aiddir. Bu rəsmlərin ən məşhurlarından biri Fransadakı Lasko mağarasında yerləşir.
Növ haqqında ilk yazılı məlumat isə təxminən eramızın 900-cü ilində Tibet rahibi tərəfindən qələmə alınıb. Mənbələrdə həmçinin 1226-cı ildə Çingiz xanın yürüşü zamanı vəhşi atların onun miniyini qorxutduğu da qeyd edilir.
Prjevalski atları ilk dəfə 1720-ci ildə şotlandiyalı həkim tərəfindən təsvir olunub. XIX əsrin sonlarında isə səyyah "Nikolay Prjevalski" bu atları Çində yenidən qeydə alıb. Həmin dövrdə növ Mərkəzi Avropa, Monqolustan və Çində yayılmışdı.
Lakin kənd təsərrüfatının inkişafı, müharibələr və ovçuluq nəticəsində onların sayı kəskin azalıb. 1897–1940-cı illərdə populyasiya ciddi şəkildə məhv olub. Zooparklar növü qorumağa çalışsalar da, əsasən yalnız tayları tuta bildikləri və onların da çoxu sağ qalmadığı üçün vəziyyət daha da ağırlaşıb.
1969-cu ildə Monqolustanın Qobi səhrasında vəhşi təbiətdə son təsdiqlənmiş Prjevalski atı müşahidə olunub. O zaman əsirlikdə cəmi 31 fərd qalmışdı və onların yalnız 12-si çoxalma qabiliyyətinə malik idi.
Növü xilas etmək məqsədilə Praqa Zooparkında xüsusi bərpa proqramına başlanılıb. 1990-cı ilə qədər əsirlikdə saxlanılan Prjevalski atlarının sayı təxminən 1000-ə çatıb. Onlardan 961-i dünyanın 33 ölkəsində yerləşən zooloji müəssisələrdə saxlanılırdı ki, bu da onların yenidən vəhşi təbiətə qaytarılması proqramına başlamağa imkan verib.
Prjevalski atlarının bir qrupu 1998-ci ildə Ukraynadakı Çernobıl Biosfer Qoruğuna gətirilib. Həmin vaxtdan etibarən populyasiya artmağa başlayıb və madyanlar mütəmadi olaraq bala verir.
Alimlər atların hərəkətini fototələlər vasitəsilə izləyirlər. Müşahidələr göstərir ki, onlar bir ayğır, bir neçə madyan və taylardan ibarət ailə qruplarında yaşayırlar.
Bununla yanaşı, Ukraynada davam edən müharibə bu nadir növə də mənfi təsir göstərir. Ötən ilin yayında Prjevalski atlarından birinin Rusiya ordusunun qoyduğu minaya düşərək tələf olduğu bildirilmişdi.
Aydın
Şərhlər