Dünya 23:45 19.08.2022

Avropa iki hissəyə bölünür: bütün rusiyalılar, yoxsa bəziləri…

Avropa təkcə rusiyalılara çoxgirişli turistik Şengen vizalarının verilməsini dayandırmamalı, həm də artıq verilmiş vizaları da ləğv etməlidir. 

Qaynarinfo xəbər verir ki, bu təkliflə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis "Politico”nun səhifəsində çıxış edib.

Landsbergis xatırladıb ki, onun ölkəsi martın 10-dan Rusiya və Belarus vətəndaşlarına yalnız humanitar səbəblərə görə və ya beynəlxalq öhdəlik kimi qəbul edilən digər səbəblərə görə viza verir. Lakin o, hesab edir ki, bu tədbirlər kifayət deyil: rusiyalılar Şengen zonasının digər ölkələrində viza alır və hələ də Baltikyanı ölkələrə səyahət edirlər.

"Rusiyalılara turist vizası verməyə davam edən Aİ üzvləri nəinki ukraynalılara qarşı törədilmiş bütün vəhşiliklərə məhəl qoymur, həm də rusiyalı turistləri Baltikyanı ölkələrə "dəvət edir”. Lakin Estoniya, Latviya və Litva, əsasən, Putinin müharibəsinin tərəfdarları olan Rusiyadan gələn qonaqları ən azı Ukraynanın yekun qələbəsinə qədər qəbul etmək istəmir”, - Landsbergis bildirib.

Onun sözlərinə görə, bu məsələnin birgə həllinin axtarışı artıq turist vizalarının verilməsini dayandıran Aİ ölkələri ilə bunu davam etdirənlər arasında parçalanmaya səbəb ola bilər.

"Əhəmiyyətli sayda turistə Avropa həyat tərzindən həzz almaq imkanı hələ də veriləcək, baxmayaraq ki, Rusiya və Belarus hakimiyyətinin fikrincə, belə həyat tərzinə xor baxılmalı və hətta buna qarşı mübarizə aparılmalıdır. Biz birlikdə viza qadağasının mümkün qədər effektiv olması üçün birgə və effektiv həll yolu tapmalıyıq”, - Litvalı nazir hesab edir.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski avqustun 8-də "The Washington Post” qəzetinə müsahibəsində xarici siyasətçiləri Qərb ölkələrinin sərhədlərini bütün Rusiya vətəndaşları üçün bağlamağa çağırıb. "Ruslar necə olur-olsun... qoy Rusiyaya getsinlər. Bütün əhali məsuliyyət daşıya bilməz, elə deyilmi? Xeyr, belə ola bilər. Əhali bu hökuməti seçib və onunla mübarizə aparmır, onunla mübahisə etmir”, - deyə Zelenski bildirib. O, Rusiyadan olan siyasi mühacirlərə Avropada yaşamaq istəyində olduqda, sığınacaq üçün müraciət etməyi təklif edib.

Ümumavropa səviyyəsində belə bir razılaşmaya nail olmaq asan olmayacaq. Almaniya hakimiyyəti artıq tam viza qadağasını dəstəkləmədiklərini açıqlayıb. Almaniya kansleri Olaf Şolts Ukraynada müharibənin başlamasında bütün rusları günahlandırmamağa və onların həyatını çətinləşdirməməyə çağırıb.

Nizami Bağırov