Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda yeni sərnişindaşıma tariflərini elan edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, tarif dəyişikliyi "2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.
Qərara əsasən, 1 oktyabr 2025-ci ildən etibarən metroda bir gediş haqqı 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş sistemi ilə işləyən avtobus marşrutlarında isə gediş haqqı məsafədən asılı olaraq minimum 60 qəpik olacaq.
Yeni tariflər yalnız elektrik və CNG ilə işləyən avtobuslara, eləcə də 2025-ci ildən sonra istehsal edilən dizel avtobuslara şamil olunacaq. Dəyişiklik ilkin mərhələdə Bakının marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə uyğun olmayan marşrutlarda qiymətlər dəyişməyəcək.
Nazirliyin məlumatına görə, bu dəyişiklik daşıyıcıların maliyyə sabitliyini artırmaqla yanaşı, avtobus parkının yenilənməsini sürətləndirəcək və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq edəcək.
Şərhlər