Oktyabrın 1-dən ictimai nəqliyyatda gediş haqqı 60 qəpik müəyyənləşib. Qiymət artımı metronu tam əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsini əhatə etməyəcək.
Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək. Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.
Tələblərə cavab verməyən və gediş haqqı dəyişilməyən avtobuslar hansılardır?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatda gediş haqqının artması gözlənilən idi:
"Hazırda Bakı və ətraf rayonlarda ictimai nəqliyyatda çalışan avtobusların bir qismi müasir tələblərə cavab vermir, dizel yanacağı ilə çalışır, köhnədir. Nağdsız ödənişləri həyata keçirmək olmur. Amma bununla yanaşı qanunvericiliyə uyğun olaraq sıxılmış qazla çalışan, elektrikli, yeni müasir tələblərə cavab verən avtobslarda var. Qiymət dəyişikliyi məhz bu cür avtobuslara şamil olunacaq".
Eldəniz Cəfərov qeyd edib ki, köhnə, müasir tələblərə cavab verməyən avtobuslarda gediş haqqı artırılmayacaq.
Bahar Rüstəmli
Şərhlər