Xəbər lenti

Moldova seçkiləri: Moskvanın məğlubiyyəti, Qərbin qələbəsi… (ŞƏRH)
Dünya 12:56 29.09.2025

Moldova seçkiləri: Moskvanın məğlubiyyəti, Qərbin qələbəsi… (ŞƏRH)

Daha bir ölkədə Qərb-Rusiya qarşıdurması birincinin qələbəsilə başa çatdı. Söhbət dünən Moldovada keçirilən parlament seçkilərindən gedir. Belə ki, son məlumata görə səslərin 99 faizindən çoxunun hesablanması fonunda prezident Maya Sandunun avropayönümlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 49,93 faizlə seçkinin qalibi olub. İkinci yerə isə 24,32 faizlə sosialist-kommunistlərdən ibarət rusiyapərəst "Vətənpərvərlər Bloku" çıxıb.
 
Daha bir Avropameyilli Alternativ Partiyası 8 faiz əldə edib. Rumıniyaya birləşmənin tərəfdarı olan Vasile Kostyukun milli-konservativ "Evdə Demokratiya" bloku 5,64, populist Renato Usatın "Bizim Partiya” təşkilatı isə 6 faizə qədər səs toplayıb. 

Səsvermənin nəticəsi sözsüz ki, Avropameyilli qüvvələrin mühüm qələbəsi sayıla bilər. Belə ki, seçkiyə qədər gedən proseslər, keçirilən sorğular Rusiyanın bu ölkədə ciddi işlədiyini deməyə əsas verir. Moldovada özünə bağlı qüvvələrin parlament çoxluğuna nail olması üçün Moskva bu ölkəyə qarşı seçkiyə qədər güclü təzyiq, təbliğat kampaniyası aparıb. Bu kampaniya fonunda hətta rusiyapərəstlərin Moldovada revanş götürə biləcəkləri fikri geniş yayılmışdı.
 
Onun nəticəsidir ki, hətta prezident Sandu belə təhlükə barədə həyəcan təbili çalırdı. Əldə edilən nəticə isə ilk növbədə Rusiyaya böyük zərbədir. Proses onu göstərir ki, Rusiyanın Moldovada təsir dairəsi getdikcə daha da daralır və Kreml bundan sonra Kişinyova əvvəlki tək təpki göstərmək gücündə olmayacaq. Sözsüz ki, qərbpərəst qüvvələrin qələbəsinə Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi və savaşın gedişində Moskvanın ciddi uğurlara imza ata bilməməsi kimi amillərin də mühüm rolu olub. Moldova əhalisinin böyük hissəsi bu fonda artıq anlamağa başlayıb ki, Rusiyaya yaxınlaşmaq onlara xeyir deyil, bədbəxtlik gətirir.

Moldovada yaşayış səviyyəsinin aşağı olmasına rəğmən, əhalinin mövcud hökumətə etimad göstərməsi bir daha təsdiqləyir ki, ölkə vətəndaşları üçün hazırda əsas məsələ Rusiyadan uzaqlaşıb, Avropaya yaxınlaşmaqdır. Rusiyapərəstlərin məğlub olmasında Moldova prezidenti komandasının şimal təhlükəsilə bağlı həyəcan təbili çalmalarının da sözsüz ki, öz rolu olub. Sandunun özü bu günlərdə BMT tribunasından Rusiyanın dağıdıcı, ziyanlı rolunu kəskin tənqid edib. Bir sözlə, Moldovada keçirilən seçkilərin nəticəsini Rusiyanın məğlubiyyəti, Qərbin isə qələbəsi kimi səciyyələndirmək olar. Bunun nəticəsində Moskvanın təsir dairəsi nəinki təkcə Moldovada zəifləməyəcək.
 
Bu seçki Rusiyanın Ukraynaya arxadan zərbə vurmasının da qarşısını alır. Belə ki, Moldovada Moskvaya bağlı qüvvələrin qalib gəlməsi fonunda, onların razılığı əsasında buradakı rus hərbi bazasındakı qüvvələrin Kiyevə arxadan zərbə vurmasına imkan yarana bilərdi. Seçkinin nəticəsi isə bu təhlükənin də aradan qaldırdı. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->