"Elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana ötürülməsi iki ölkə arasında yeni münasibətlərin qurulmasının başlanğıcı ola bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiyanın energetika naziri Nikolay Şulginovun bəyanatını şərh edərkən deyib.
"Burada söhbət tək Ermənistandan getmir, İran və digər ölkələrin də adı da hallanır. Azərbaycan tranzit ölkə kimi nədən prosesdə maraqlı olmasın? Hazırki şərtlər Bakının İrəvanla fəal iqtisadi-siyasi əlaqələr qurmasına imkan vermirsə, bu o demək deyil ki, sabah da belə olmalıdır. Bu gün üçün deyil, sabah üçün yaşayırıq. Rusiyanın elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana, oradan da İrana ötürülməsinin Bakı ilə razılaşdırılması və ölkəmizin də bunda maraqlı olmasının heç bir qəbahəti yoxdur. Gec-tez Azərbaycan Ermənistanla da iqtisadi-siyasi və hüquqi münasibətlərə daxil olacaq”, deyə Əlimusa İbrahimov qeyd edib.
Ekspert bildirib ki, bu proses Ermənistanın ortaya atdığı problemlərinin həllindən sonra baş verəcək:
"Rusiya elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana keçməsi ölkələr arasında yeni münasibətlərin qurulmasında əsas rol oynaya, yaxud da yeni münasibətlərin başlanğıcı ola bilər. Azərbaycan öz siyasətində bütün qonşularla dostluq və qonşuluq münasibətlərini əsas götürür. Elektrik enerjisi məsələsi həm də bütün region dövlətləri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə rəvac verə bilər”.
Qeyd edək ki, Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulginov mətbuata açıqlamasında Moskvanın Azərbaycan vasitəsilə Ermənistana, oradan isə İrana və digər ölkələrə 300 MVt elektrik enerjisi tədarük imkanını nəzərdən keçirdiyini bəyan edib. "İndi biz sadəcə olaraq, elektrik enerjisinin Azərbaycan ərazisi vasitəsilə Ermənistana, oradan İrana və bəlkə də daha çox başqa ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə danışıqlar aparırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər", - nazir deyib. Onun sözlərinə görə, layihənin bütün iştirakçıları bunda maraqlıdır.
Rüfət Sultan
Şərhlər