Tibbi tullantılara görə cərimələnən Ağciyər Xəstəlikləri Mərkəzinin İsmayıllı Regional Xəstəxanasının baş həkimi Anar Məmmədovla bağlı yeni qərar verilib.
Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Ağciyər Xəstəlikləri Mərkəzinin İsmayıllı Regional Xəstəxanasının baş həkimi barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 266.2-ci (tullantıların emalı ilə bağlı qaydaların pozulması) maddəsi ilə protokol tərtib edilib.
Həmin qərarla Anar Məmmədov İXM-in 266.2-ci maddəsi ilə təqsirli hesab edilib və barəsində 3 500 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərtib etdiyi protokoldan narazı qalan baş həkim sözügedən qurumun qərarından məhkəməyə şikayət verib.
Bildirib ki, yoxlama zamanı əsas irad tibbi tullantıların utilizasiyasını həyata keçirən şirkətlə bağlanmış müqavilənin qüvvədə olma müddətinin başa çatması ilə bağlı olub. Lakin bu hal onun tərəfindən müqavilə bağlamaqdan imtina edilməsinin və ya müqavilənin yenilənməsi üzrə ona aid olan vəzifənin yerinə yetirilməməsinin nəticəsi deyil.
Tibbi tullantıların utilizasiyası üzrə xidmətin satın alınması və müqavilənin bağlanması, o cümlədən müqavilənin yenilənməsi onun baş həkim kimi səlahiyyətlərinə daxil deyil və bu proses aidiyyəti üzrə tabe olduğu qurum tərəfindən həyata keçirilməlidir.
Müqavilənin müddəti başa çatdıqdan sonra da tibbi tullantıların faktiki kənarlaşdırılması dayandırılmayıb. Xəstəxana daxilində təmizlik işlərini və tullantıların atılmasını öz şəxsi vəsaiti hesabına həyata keçirtdirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi bildirib ki, həmin tullantılar xüsusilə insan həyatı üçün təhlükəli olduğundan müqavilənin bağlanması regional xəstəxananın baş həkiminin səlahiyyətində olmasa da, baş həkim həmin müqavilənin bağlanmasını tələb etməli idi.
Keçirilmiş monitorinqin nəticəsində məlum olub ki, qeyd olunan müəssisənin tibbi tullantıların daşınması ilə bağlı müqaviləsi yoxdur. Yoxlama zamanı müəssisədə tullantıların müvəqqəti saxlama yeri olsa da, həmin tullantılar xüsusilə insan həyatı üçün təhlükəli olduğundan onların daşınması və tullanması qaydalarına xüsusi diqqət yetirilməyib.
Məhkəmə baş həkimin şikayətini qismən təmin edib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilən protokol ləğv edilib və iş yenidən baxılması üçün həmin idarəyə göndərilib.
Əhməd
Şərhlər