Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət
Nazirliyində keçirdiyi əməliyyat qurumda böyük korrupsiya şəbəkəsinin necə fəaliyyət
göstərdiyini ortaya çıxardı. Dövlətin milyonlarla vəsaiti nazir başda olmaqla
bir qrup məmur tərəfindən talanıb, ələ keçirilib. O da məlum oldu ki, aşağıdan
yuxarıya doğru istiqamətlənən rüşvət, korrupsiya piramidası uzun illər ərzində
dövlətin mədəniyyət siyasətini, bu sahəni iflic hala salıb.
İndi cəmiyyətdə bu istiqamətdə gedən müzakirələrin əsas
istiqamətlərindən biri mədəniyyət sahəsində bərbad vəziyyətin necə tənzimlənəcəyi
ilə bağlıdır. Ona görə də ictimai diqqət bu nazirlikdə gedən proseslərə yönəlib.
"Yeni Sabah" xəbər verir ki, tanınmış naşir,
"Qanun” Nəşrlər Evinin təsisçisi Şahbaz Xudoğlu bu mövzuda yazır ki, Əbülfəs
Qarayevin nazir olduğu dönəmdə 2500 kitabxana bağlanıb. "Bilirsiz səbəb nə idi?
"Büdcə vəsaiti yoxdur” deyirdi. Qarayevin nazir olduğu dönəmdə yeni nəşrlərdən
1 kitab belə kitabxanalar üçün almadılar. Bilirsiz, səbəb nə idi? "Kitab üçün vəsait
yoxdur” deyirdi.
Çoxlu film çəkilə bilərdi, çəkilmədi. Bilirsiz səbəb nə idi?
"Büdcə vəsaiti yoxdur”deyirdi. Rayon səviyyəli çoxlu sayda mədəniyyət evləri,
kinoteatrlar bağlandı. Bilirsiz səbəb nə idi? "Büdcə vəsaiti yoxdur” deyirdi.
Şəhərimizin teatrları iflic oldu, Gəncə, Lənkəran, Sumqayıt
kimi teatrlarımız əhəmiyyətsiz bir qurumtək taleyin ümidinə buraxıldı. Bilirsiz
səbəb nə idi? "Büdcə vəsaiti yoxdur” deyirdi.
Nə qədər musiqi məktəbləri fəaliyyətini dayandırdı. Bilirsiz
səbəb nə idi? "Büdcə vəsaiti” yoxdur deyirdi. İndi gördünüz büdcə vəsaiti hara
gedirmiş?!” - deyə Şahbaz Xudoğlu qısa təsvirlə dövlətin mədəniyyət siyasətinin
necə sabotaj edildiyini göstərib.
Tanınmış naşir nazir müavinlərinə müraciət edərək, yazıb: "Şən
nazir müavinləri indi nəyə gülürlər? İndi bütün güzgülər sizə baxır. Yəni yenə
utanmırsız özünüzdən? Siz necə bu xalqın qarşısına çıxacaqsız?
Hamı Xudafərin körpüsünün təhlükə altında olmasından
danışır. Minlərlə tarixi abidəmizi, mədəni dəyərlərimizi məhv edən bu insanlar ən
ağır cəzaya layiq deyillərmi?!”
Nazir əvəzi Vaqif Əliyev kimdir?
Azpolitika.info yazır ki, bu günlərdə məlum oldu ki, keçmiş
nazir Əbülfəs Qarayevin səlahiyyətləri onun uzun illər birinci müavini olmuş
Vaqif Əliyevə həvalə olunub. Bu xəbər birmənalı qarşılanmadı, dərhal tənqidlərə,
ümidsizliyə yol açdı. Təbii ki, bu münasibət Vaqif Əliyevin personası ilə
bağlıdır. Vaqif Əliyev uzun illərdir hakim komandadır. 1994-2003-cü illərdə Gənclər,
İdman və Turizm nazirinin birinci müavini vəzifəsində, 2003-cü ildən 2011-ci ilə
kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, 18 fevral 2011-ci il Prezident
İlham Əliyevin imzaladığı sərəncama əsasən Mədəniyyət və Turizm nazirinin
birinci müavini təyin olunub.
Prezidentin 18 may 2018-ci il tarixli Sərəncamı ilə o Mədəniyyət
nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Beləliklə, Vaqif Əliyevin siyasi karyerasının əsas hissəsi Mədəniyyət
Nazirliyi ilə bağlıdır. 2006-cı ildən nazir postunu tutmuş, bu günlərdə
korrupsiya rüsvayçılığına görə vəzifədən qovulmuş Əbülfəs Qarayevlə çiyin-çiyinə
işləyib.
Deputat Etibar Əliyev: "Vaqif Əliyev, sən hara baxırdın?!”
Maraqlıdır, DTX-nın üzə çıxardığı dəhşətli cinayət faktları
baş verərəkən nazirdən sonra ikinci şəxs olan Vaqif Əliyev hara baxıb? Bu
korrupsiya mexanizmindən, büdcə talançılığından kənarda qalıbmı?
Bu sualı tanınmış təhsil eksperti, deputat Etibar Əliyev də
ona ünvanlayıb. Millət vəkli sosial şəbəkədki hesabında Mədəniyyət Nazirliyinin
kollegiyasının tərkibini paylaşaraq yazıb: "Mədəniyyət naziri tutduğu vəzifədən
azad olunub. Onun müavini Kollegiyanın üzvü Rafiq Bayramov və Nazirliyin
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi,
Kollegiyanın üzvü Zakir Sultanov həbs olunub. Sual yaranır, nazirin birinci
müavini Vaqif Əliyev hara baxırdı. Dursun, izah eləsin, görək, onun
kurasiyasına nələr daxildir”.
Hesablama Palatası 5 il əvvəl nələri üzə çıxarmışdı?
Nazirlikdə baş verən korrupsiya faktları təbii ki bir ayın,
bir ilin məsələsi deyil. Vaqif Əliyevin də mühüm post tutduğu qurum barədə
Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət
büdcəsindən ayrılan vəsaitlərin auditi zamanı dəhşətli qanunsuzluqlar üzə
çıxıbmış. Amma təəssüf ki, o zaman bununla bağlı heç bir tədbir görülməyib. Həmin
faktların bir neçəsini təqdim edirik:
Audit tədbiri Mədəniyyət və Turizm Nazirliyi, 3 film
studiyası, C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və
305650,8 min manat məbləğində vəsaiti əhatə edib.
Müəyyən edilib ki, nazirliyin tabeliyində olan bəzi
qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə
köçürülməsi qismən təmin edilməyib, auditlə əhatə olunan dövrdə qaimə
fakturalarla verilməsi rəsmiləşdirilən avadanlıqlar və qeyri-maddi aktivlər
uçota alınmayıb.
"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar
təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib,
nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif
xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda
qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən
sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb, filmlərin istehsalı üzrə
yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il
tarixli sərəncamına əsasən "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası,
qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və
inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"ı ilə təsdiq
edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş bəzi tapşırıqlar auditlə əhatə
olunan illərdə tam icra edilməyib.
Auditlə müəyyən edilib ki, respublikada keçirilmiş bəzi tədbirlər
üzrə müvafiq məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim
edilməyib, yalnız icraçı müəssisələr tərəfindən ümumi şəkildə təqdim edilmiş təhvil-təslim
aktlarına əsasən vəsaitlər ödənilib, bəzi hallarda bağlanılmış müqavilələrin, qəbul
edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə
dair tərtib olunmuş aktların tarixləri arasında uyğunsuzluqlar olub.
Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş
mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi müvafiq
qanunvericiliyə uyğun aparılmayıb, ziyafət xərclərinin ödənişi zamanı müəyyən
edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verilib.
Beynəlxalq turizm sərgilərində istifadə edilən avadanlıqlar
müvafiq hesaba mədaxil olunmadan birbaşa xərcə silinib, turizmin təbliği ilə əlaqədar
Nazirlik tərəfindən alınmış çap məhsulları əsasən eyni müəssisələr tərəfindən hər
il təkrar nəşr edilib və əksər hallarda nəşr olunmuş çap məhsullarının tirajı,
formatı, həcmi və nəşr edildiyi tarix göstərilməyib.
"Turizm məqsədli coğrafi informasiya sistemləri və
naviqasiya layihəsi” çərçivəsində elektron xəritənin daimi yenilənməsi, server
və kompüter avadanlığına texniki dəstək göstərilməsi məqsədilə tərəflər
arasında bağlanmış müqavilə şərtləri tam icra olunmayıb, işin dəyərinin müəyyən
edilməsi zamanı texniki xidmət göstəriləcək avadanlıqların və proqram təminatlarının
siyahısı tərtib edilməyib, tətbiqi proqramların açıqlanması, siyahısı və hər
birinə görə görüləcək yenilənmə işlərinin adı qeyd edilməyib.
Müəyyən edilib ki, auditlə əhatə olunan dövrdə maliyyə vəziyyəti,
gəlirlər və xərclər haqqında statistik hesabatda əks etdirilən bəzi məlumatlar
dəqiq olmayıb, xəzinə üzləşmə aktlarına əsasən mövcud olan debitor borc qalığı
maliyyə hesabatında düzgün əks olunmayıb, dövlət büdcəsindən ayrılan əsaslı vəsait
qoyuluşu üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən
yerinə yetirilmiş işlərə görə podratçı təşkilatlara ödənilmiş vəsaitin uçotu
düzgün hesablarda aparılmayıb, həmçinin auditin əhatə etdiyi dövr ərzində dövlət
büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə debitor və kreditor borclarının
məbləği balans hesabatında əks olunmayıb...
Auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə
məlumat təqdim edilib.
Deputat Etibar Əliyevin Mədəniyyət naziri səlahiyyətlərini
icra edən Vaqif Əliyevə ünvanlandığı sualı burada təkrarlamaq yerinə düşür:
Hesablama Palatasının ortaya çıxardığı bu qanunsuzluqların hansı Vaqif Əliyevin
payına düşür? Onun bu sualı cavablandırması bu gün ictimaiyyətin tələbinə
çevrilir...
Şərhlər