Ekonomiks 17:42 19.12.2022

Bakı-Naxçıvan marşrutu üzrə aviareyslər yenidən təxirə salındı (YENİLƏNİB)

Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar dekabrın 19-da "Azərbaycan Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə planlaşdırılan reyslərinin həyata keçirilməsi yenidən təxirə salınıb.

Bu barədə Qaynarinfo-ya "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Qeyd edilib ki, AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

14.02
 
"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.

Qaynarinfo xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Belə ki:

- Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) nömrəli reyslər bu gün, dekabrın 19-u yerli vaxt ilə saat 16:00-da həyata keçiriləcək.

- Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) nömrəli reyslər bu gün, dekabrın 19-u yerli vaxt ilə saat 18:20-da həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri AZAL-ın ən böyük geniş gövdəli təyyarəsi "Airbus A340” ilə Naxçıvan hava limanına yola düşəcəklər.

Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.

Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.