Ayın kimə məxsus olması məsələsi yaxın vaxtlara qədər daha çox elmi fantastika mövzusu kimi görünürdü. Lakin Yerin peykinin mənimsənilməsinin yeni dövrünün yaxınlaşması ilə bu sual praktiki əhəmiyyət qazanır. Daimi Ay bazaları, resursların çıxarılması və səthin perspektivli əraziləri uğrunda rəqabət dövlətləri və hüquqşünasları yarım əsrdən çox əvvəl imzalanmış beynəlxalq sazişlərə yenidən nəzər salmağa vadar edir.
Qaynarinfo xəbər verir ki, vu barədə "BBC Sky at Night Magazine" yazıb.
Formal baxımdan cavab sadə olaraq qalır: heç bir dövlət Aya sahib deyil. Müasir kosmik hüququn əsasını 1967-ci ildə, Soyuq müharibənin qızğın vaxtında ABŞ və SSRİ tərəfindən imzalanmış Kosmos haqqında müqavilə təşkil edir. Sənəd dövlətlərə suverenlik elan etmə, işğal və ya digər üsullarla səma cisimlərini mənimsəməyi qadağan edir.
Nəşrdə bildirilir ki, heç bir ölkə Aya sahib ola bilməz. Müqavilədə qeyd edildiyi kimi, Ay "bütün bəşəriyyətin əyalətinə" məxsusdur.
Onilliklər ərzində bu norma ciddi problemlər yaratmayıb. Heç kim Ayı rəsmi olaraq öz ərazisi elan etməyə çalışmayıb, "Apollo" missiyalarının astronavtları tərəfindən Ay səthində quraşdırılan bayraqlar isə ərazi iddialarının nişanı deyil, yalnız nailiyyət simvolu kimi qəbul edilib.
Lakin əsas problem ondadır ki, Kosmos haqqında müqavilə Ay resurslarının hasilatı məsələsinə aydın cavab vermir. 1967-ci ildə Ayda faydalı qazıntıların sənaye üsulu ilə çıxarılması imkanları fantastika kimi görünürdü. İndi isə vəziyyət dəyişib: xüsusilə Ayın cənub qütbü ərazisindəki su buzu böyük maraq doğurur. Bu resurs potensial olaraq yanacağa çevrilə bilər.
Məhz bu hüquqi boşluğu 1979-cu ildə Ay haqqında saziş vasitəsilə aradan qaldırmağa çalışıblar. Saziş Yerin peykini və onun resurslarını "bəşəriyyətin ümumi irsi" elan edir və gələcək istifadəsini tənzimləmək üçün beynəlxalq rejimin yaradılmasını nəzərdə tutur.
Lakin sənəd geniş dəstək qazanmayıb. Onu cəmi 17 dövlət ratifikasiya edib. Üstəlik, həmin ölkələr arasında əsas kosmik dövlətlər – ABŞ, Böyük Britaniya, Rusiya və Çin yoxdur. Nəticədə, nəşrin müəllifinin qeyd etdiyi kimi, saziş faktiki olaraq niyyətlər deklarasiyası olaraq qalıb.
Bu fonda ayrı-ayrı ölkələr öz qaydalarını formalaşdırmağa başlayıblar. 2015-ci ildə ABŞ kosmosda hasil edilmiş resurslara Amerika vətəndaşlarının sahib olmasına və onları satmasına birbaşa icazə verən qanun qəbul edib. Sonradan Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri və Yaponiyada da oxşar qanunvericilik ortaya çıxıb.
Bu yanaşmanın tərəfdarlarının məntiqi ərazi ilə resurslar arasında fərq qoyulmasına əsaslanır: Aya sahib çıxmağın qadağan edilməsi onun səthindən kimsə tərəfindən çıxarılan materiala sahib olmağın qadağan edilməsi demək deyil.
Müzakirələrin yeni mərhələsi 2020-ci ildə ABŞ və tərəfdaşlarının təşəbbüsü ilə Artemida sazişlərinin ortaya çıxmasından sonra başlayıb. Bu, beynəlxalq müqavilə deyil, Ayın, Marsın və digər səma cisimlərinin dinc şəkildə tədqiqi və istifadəsi üçün prinsiplər toplusudur. 2026-cı ilin vəziyyətinə görə, sənədi 68 dövlət imzalayıb.
Sənəd şəffaflığı, elmi məlumatların mübadiləsini, fövqəladə vəziyyətlərdə yardımı və Ayın səthində fəaliyyətlərin əlaqələndirilməsini nəzərdə tutur. Həmçinin digər iştirakçıların fəaliyyətinə zərərli müdaxilənin qarşısını almaq məqsədi daşıyan "təhlükəsizlik zonaları"ndan bəhs edilir.
Bununla yanaşı, tənqidçilər böyük təhlükəsizlik zonalarının faktiki olaraq ərazi iddialarına çevrilə və ən qiymətli ərazilər uğrunda mübarizəyə səbəb ola biləcəyindən narahatdırlar.
Nəticədə uzun müddət nəzəri xarakter daşıyan hüquqi məsələ getdikcə daha aktual olur. Nəşr vurğulayır: "Kosmik eranın başlanmasından bəri ilk dəfə bu, hökumətlərin, şirkətlərin və tədqiqatçıların tezliklə birlikdə həll etməli olacağı praktiki problemdir".
Aydın
Şərhlər