XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

I Dünya müharibəsi zamanı batan qayıqdan təhlükəli maddə sızır
Dünya19:00 19.09.2026

I Dünya müharibəsi zamanı batan qayıqdan təhlükəli maddə sızır

I Dünya müharibəsi dövründə batan Almaniya sualtı qayığının qalıqları ilə bağlı araşdırma dəniz ekoloqlarını narahat edən nəticələr ortaya çıxarıb. Təxminən 110 il əvvəl Şimal dənizində batan UC-30-dan ətraf mühitə partlayıcı maddə – TNT sızdığı müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, məlumata görə, UC-30 1917-ci il aprelin 19-da Danimarkanın Rømø adası yaxınlığında Britaniya minasına düşərək partlayıb. Mühərrikində yaranan problem səbəbindən bazaya qayıdan sualtı qayığın 27 nəfərlik heyətinin hamısı həlak olub. Gəminin yeri isə yalnız 2016-cı ildə, təxminən bir əsr sonra müəyyənləşdirilib.

“North Sea Wrecks” adlı tədqiqat layihəsi çərçivəsində Danimarka Hərbi Dəniz Qüvvələrinin dalğıcları ilə birlikdə sualtı qayığın qalıqları araşdırılıb. Mütəxəssislər ərazidən su və dəniz dibinin çöküntülərindən nümunələr götürüb, həmçinin gəminin yaxınlığında yaşayan midyə və dəniz ulduzlarını tədqiq ediblər.

Laboratoriya analizləri nəticəsində gəmidəki sursatlardan TNT izlərinin ətraf mühitə yayıldığı üzə çıxıb. Qeyd olunur ki, sualtı qayıqda 6 torpedo və 18 mina olub. TNT izləri həm suda, həm dəniz dibindəki çöküntülərdə, həm də bəzi dəniz canlılarının orqanizmində aşkarlanıb.

Orhus Universitetinin Yer elmləri üzrə mütəxəssisi Katrin Yul Andresen bildirib ki, hazırda çirklənmə əsasən qəza ərazisinin yaxınlığında müşahidə olunur. Lakin gəminin metal korpusu Şimal dənizinin sərt şəraiti altında daha çox dağıldıqca vəziyyətin dəyişə biləcəyi ehtimal edilir.

Tədqiqatçılar UC-30-un daha böyük problemin yalnız bir nümunəsi olduğunu düşünürlər. Andresenin məlumatına görə, Danimarka sularında ümumilikdə 10 127 batmış gəmi qeydə alınıb. Onların təxminən 15 faizinin dünya müharibələri dövrünə aid olduğu ehtimal edilir.

Mütəxəssislər belə gəmilərin qalıqlarını sadəcə sudan çıxarmağın təhlükəsiz həll olmadığını bildirirlər. Çünki partlamamış sursatlar hələ də qeyri-sabit vəziyyətdə ola bilər və onların su altında partladılması ətraf mühitin daha geniş miqyasda çirklənməsinə səbəb ola bilər.

Problemin həlli üçün mümkün variantlardan biri sualtı robotlardan istifadə etməkdir. Bu texnologiyanın gələcəkdə dənizin dibindəki təhlükəli obyektləri müəyyənləşdirmək, partlayıcı maddələri çıxarmaq və onları təhlükəsiz ərazidə zərərsizləşdirmək üçün tətbiqi nəzərdən keçirilir.

Alimlər bildirirlər ki, bu cür tarixi gəmi qalıqlarının yaratdığı təhlükənin aradan qaldırılması üçün sadə və risksiz üsul yoxdur. Buna görə də Avropa İttifaqı ilə birlikdə daha təhlükəsiz həll yollarının araşdırılması davam etdirilir.

Aydın