Hazırda insanlar dünyada ən çoxsaylı məməli növü hesab oluna bilər. 2022-ci ilin noyabrında planetin əhalisinin sayı 8 milyarda çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Discover Wildlife" məlumat yayıb.
Qeyd olunur ki, bu, dünya əhalisinin cəmi 11 il ərzində 1 milyard artması deməkdir. 7 milyardlıq hədd 2011-ci ildə keçilmişdi.
BMT-nin proqnozlarına görə, dünya əhalisinin 9 milyarda çatması üçün daha təxminən 15 il – 2037-ci ilə qədər vaxt lazım olacaq. Bu isə qlobal əhali artımının ümumi tempinin yavaşladığını göstərir.
Dünyada ən çoxsaylı məməli hansıdır?
Heyvanlar aləminə gəldikdə isə, son məlumatlara əsasən, Yer kürəsində 5487 məməli növü var. Onların təxminən 40 faizini gəmiricilər təşkil edir. Buna görə də bu qrupun ən çoxsaylı nümayəndəsinin boz siçovul ("Rattus norvegicus") olması təəccüblü deyil.
Bu yüksək uyğunlaşma qabiliyyətinə malik gəmirici sürətlə çoxalması ilə seçilir. Dişi boz siçovul təxminən üç aylığında cinsi yetkinliyə çatır və ildə orta hesabla beş bala qrupu dünyaya gətirir. Hər balalama zamanı 12-yə qədər bala ola bilər.
Ev siçanı ("Mus domesticus") da oxşar say göstəricilərinə malikdir. Bu, təəccüblü deyil, çünki bu gəmiricilərin tarixçəsi və yayılma arealı insanlarla sıx bağlıdır.
Digər potensial namizədlər arasında ağdişlilər ("Crocidura") cinsi də var. Təkcə Afrikada bu həşəratyeyənlərin təxminən 100 növü yaşayır və onların əksəriyyətini mütəxəssis olmayan şəxsin bir-birindən fərqləndirməsi olduqca çətindir.
Aydın
Şərhlər