Ölkə 17:57 02.12.2016

Bakıda dişi şiri “gəlin” gətirdilər - FOTOLAR

...Bələdçi uşağa izah edir: “Bax, bu yekə kərtənkələni 1 ilə yaxındır bir nəfər zooparka hədiyyə edib”. Uşaq təəccüblənir: “Evində saxlayırmış?” Bu zaman şüşə arxasında olan adi iquana tərpənməyə başlayır. Uşaq qorxub geri çəkilir.

Bələdçi uşağa ürək-dirək verir: “Qorxma-qorxma... Şüşə arxasından sənə heç nə edə bilməz. Bəli, iquananı parka bağışlayan şəxs əvvəllər onu  ev şəraitində saxlayırmış”.  Bələdçi məlumata davam edir: “İquananın başı böyük, üzəri pulcuqlarla örtülü olur. Quyruğu bədəninə görə çox uzundur, onurğasının üstü ilə belindən quyruğuna kimi daraq formalı çıxıntı var...”

Teleqraf.com-un əməkdaşı olaraq Bakı Zooloji Parkındayam. Eşidəndə ki, parka yeni heyvanlar gətirilib, gəldik zooparka...

Parkın yeni “sakin”lərini görmək üçün qəfəslərə yollandıq. Heyvanlar özləri üçün dincəlirdilər. Adi qızıl qazlar başlarını gölməçəyə salıb- çıxarır, leopard isə eləcə yerində eşələnirdi. Qonur ayılar isə ziyarətçilərə arxa çevirmişdi... 

Şir balasına it südü...

Təzə “sakin”lərin qəfəsinə çatdıq. Zooparka erkək-dişi bir cüt şir gətirilib. Əslində gətirilən dişi şirdir...

Bakı Zooloji Parkın direktoru Azər Hüseynov deyir ki, bu il mayın 5-də zooparkda erkək şir doğulub: “Həmin gün ana şirin südü olmadığı üçün yeni doğulan şir balasını anasından ayırdıq. Onu böyütmək üçün zoomağazalardan Almaniya istehsalı olan it südü aldıq. Həmin süd hesabına şir balasını saxlaya bildik. Təxminən ayyarım bundan qabaq bizə müraciət olundu ki, zooparkımıza 1 dişi şir bağışlamaq istəyirlər. Şirin balasına baxdım. Bunlar bir-birinə uyğunlaşsın deyə, erkək şiri həmin dişi şir saxlayan yerə apardıq”.

Direktor deyir ki, şirlər kiçik olduğu üçün bir-birlərinə hücum edə bilməzlər: “Amma istədik bir-birilərinə daha da uyğunlaşsınlar. Bir ay yarım zooparkdan kənarda şirlər bir-birinə uyğunlaşdılar. Sonra qərar verdik ki, bundan belə iki şir bir qəfəsdə yaşaya bilər. Şirləri gətirməmişdən əvvəl zooparkda onlara ayrılmış otaqları təmir etdik. İnnən belə burada rahat böyüyəcəklər. Dekabrın 5-də erkək şirin 6 ayı tamam olur. Dişi şir isə ondan ayyarım kiçikdir. 

Bizim zooparkda şirlər var, amma bu gətirdiyimiz şir təzə qan sayılır. Fikrimcə, bunların cütləşməsindən doğulan şirlər daha maraqlı olacaq.  Hələlik özləri üçün qidalanırlar. Gün ərzində onlara müəyyən qədər ət verilir”.

Yeri gəlmişkən, zooparkda Cənubi Amerika, Şimali Amerika, Asiya, Afrika ölkələrinin heyvanları – yaquar, alpaka, lama, kenquru, dəvəquşu, soltan toyuğu, qızılqaz, Qafqaz nəcib maralı, tülkü, canavar, tutuquşu, tirəndaz saxlanılır.

Heyvanların yemi haradan alınır?

Azər Hüseynov deyir ki, zooparkdakı heyvanların yem təchizatı üçün hər il tender elan edilir: “Heç vaxt nəğd pul verib, bazardan yem almırıq. Tenderdə qalib gələn şirkət zooparkı ot, buğda, arpa, qarışıq yem, darı və sair yemlərlə təchiz edir. Bundan əlavə, müsadirə olunmuş ətlər də zooparka gətirilir. Ağdam Atıcılıq Təsərrüfatından  ayağı sınıq, qocalmış atlar bizim zooparka təhvil verilir. Təsərrüfat sahəmizdə anbar otaqları var, ət oradakı soyuducuda saxlanılır. Hər gün işçilər soyuducudan ət götürüb, heyvanlara paylayırlar”.
 
Söhbət edə-edə gəlib çıxdıq meymunların qəfəsinə. Nə qədər diqqət eləsək də heyvan görmədik. Zooparkın direktoru bizi inandırmağa çalışdı ki, bu qəfəsdə meymunlar var, sadəcə indi qəfəsdən içəri yerləşən ərazidədir. Direktor dedi ki, işçi burda olsaydı, meymunları göstərərdi...

Heyvanların özlərinə uyğun qida rasionu var. Şir və yaquara ət, balıq, ilanlara siçan-siçovul, tülküyə isə toyuq əti verilir. Tirəndaz (oxlovlu heyvan da deyirlər) yeməyi isə yerkökü, alma və çörək idi.  

Azər Hüseynov deyir ki, qış və yay mövsümlərində heyvanların yem rasionu fərqlənir. Qış aylarında heyvanların yem tələbatı daha çoxdur. Məsələn, yayda şirə 8 kilo ət bəs eləyir, hazırda isə 10 kilo ət verməlisən. Dəvəquşuna isə nə qədər yem verilsə, o qədər yeyəcək. Tutuquşuya gündə 10 qram darı gərəkdir. Filin gündəlik yem rasionu 100-150 kiloqramdır. Ancaq Bakı zooparkında fil yoxdur...

Azər Hüseynovun sözlərinə görə, Bakı zooparkının ərazisi 2 baş (erkək-dişi) fil saxlamağa imkan vermir. Zooparkda təkcə 2 fil saxlamaq üçün 1 hektar yer lazımdır: “Zooparkımızın ərazisi 2 hektardır, 2 hektarda güclə çalışırıq nəsə edək. Bu ərazidə əlavə yer düzəlsə də fil saxlaya bilmərik. Çünki ərazi ağaclıqdır, burada fil saxlamaq olmaz. Gələcəkdə yeni zoopark yaradılsa, onda başqa məsələ...”

Hazırda zooparkın ərazisi 4 hektar olsa da, onun yalnız 2 hektarından istifadə edilir. Burada 150 növə yaxın heyvan saxlanılır, sayla desək, zooparkda 1200-ə yaxın heyvan var. 
 
Yediyini 2 həftəyə həzm edən heyvan 

Digər heyvanlar barədə  bələdçidən məlumat aldıq. Gəzə-gəzə xallı maral olan qəfəsə çıxdıq. Adı xallı maral olsa da, dərisində bir xal da görmədik. Bələdçi Pərvanə deyir ki, qış ayı olduğu üçün maral tükünü dəyişib, xalı gözə görünmür. Yayda tükün rəngi açıq-qəhvəyi olur və xallar gözə dəyir. 

Soyuq havaya dözümsüz olan heyvanlar istilik sistemləri quraşdırılmış qəfəslərə köçürülüb. 

Bələdçi deyir ki, ilan, tutuquşu, meymun, adi iquananın soyuğa dözümü yoxdur: “Hava soyuyanda istilik sevən heyvanlar xüsusi yerdə saxlanılır. Hər heyvanın saxlanma yerinə termometr yerləşdirilib, hər gün temperatur göstəricilərinə nəzarət olunur. Su sevər heyvanlar üçün balaca hovuzlar qurulub, isti su ilə təmin olunublar. Gördüyünüz Birma pitonu adlanan ilan bu cür şəraitdə saxlanılır. 

İlanlar 12-36 yumurta qoymaqla çoxalır. Bu ilanın uzunluğu 2 metrdən çoxdur. Böyüklüyündən asılı olaraq ilanlar siçan-siçovulla, daha iriləri isə dovşanla qidalanır. Kiçik ilanlar 1 siçovulu udur, ən azı  2 həftə ərzində onu həzm edirlər”.

Heyvanların altına-üstünə baxan, qaldıqları yeri təmizləyən ayrıca işçilər də var. 

İlanlar qalan yerdə divarlara bəzəkli şəkillər çəkilib. Bunu da ilanlara görə çəkiblər...

“Şüşəyə toxunmayın!”

Zooparkın ərazisində gəzdikcə şahidi olduğumuz bir məqam da vardı.  Bütün şüşələrin üzərinə “Toxunmayın!” yazılıb. 

Bələdçi Pərvanə deyir ki, tamaşaya gələnlər şüşələri qırmasınlar deyə belə xəbərdarlıq yazıblar: “Zoopark ziyarətçiləri əllərində olanı bəzən şüşəyə vurur, çirkləndirirlər, həm də şüşələrə qırıla bilər. Uşaqlarla bərabər böyüklər də heyvanları ziyarət etdir. İnanırsınız ki, uşaqlardan çox böyüklər qaydaları pozur?..  Heyvanları hirsləndirirlər, əllərində nə zibil olsa, qəfəsə atırlar. Sallafan atırlar, heyvan onu udur və həzmə edə bilmir”.

Dolanıb gəldik dəvə olan qəfəsə. Dəvə bizi görən kimi boğazını qəfəsdən uzatdı. Bələdçi deyir ki, gendən yekə görünən dəvələr çox qənaətcildirlər: “Hava soyuduğu üçün artıq bədənlərini yun örtüb. Yayda bir jurnalist reportaj hazırlamağa gəlmişdi. Dəvənin tük tökən vaxt idi. Dəvələr tükü hissə-hissə tökürlər. Jurnalist şəkil çəkən zaman dəvə tükünün yarısını tökmüşdü, özü də uzanmışdı. Yazmışdılar ki, dəvə qotur töküb, can verir. İndi gördüyünüz kimi dəvələr sağlamdır qəfəslərində gəzirlər”.

Zooparkda heyvanları mütəmadi olaraq baytarlar yoxlayır, problem olsa müalicə edirlər. 

Bələdçinin sözlərinə görə, parka təzə heyvanlarda gətirilə bilər: “Çexiya, Moldova, Gürcüstanla müqaviləmiz var. Müqavilə əsasında heyvanlar zooparka gətirilir və ya dəyişdirilir. Bu yaxınlarda yeni heyvanların gətirilməsi gözlənir. Hardan gələcəyini isə deməyək, sürpriz olsun”.

Parkın girişində keçilər dovşanlar üçün yerlər düzəldilib ki, balaca ziyarətçilər onları özləri yemləyə bilsinlər. Akvarium otağında isə 600-dən çox balıq var. Burada iydən çox qala bilmirik. Bələdçi deyir ki, hər bir heyvanın özünün spesifik iyi var. 

Zooparkda ən kiçik “sakin”ləri yeni doğulmuş quş balaları, ən yaşlı “sakin”ləri isə şirlər sayılır. 
 
İlyarım əvvələ qədər zooparkın ən yaşlı nümayəndəsi “Maykl” adlı erkək şir imiş. 20 yaşlı şir gözümüzə dəymədi. Sən demə, Maykl qocalıb, ölüb. Ancaq onun əvəzinə zooparkın qəfəsində təzə “bəy-gəlin” – şir cütlüyü böyüyür...

Qaynarinfo.Az