Ölkə 15:50 09.12.2022

Bakının mərkəzindəki binada istilik yoxdur: Təmirin də xeyri olmadı...

Bakıda Fətəli xan Xoyski 118 ünvanının sakinləri "Azəristiliktəchizat" ASC-dən şikayətçidir. 

Sözügedən bina sakinlərinin Qaynarinfo-ya ünvanladığı məktubda bildirilir ki, Nərimanov Rayon 5 saylı İstilik Sistemləri İstismar Sahəsinin 115 saylı qazanxanasının verdiyi istilik mənzilləri lazımınca qızdırmır:

"Artıq illərdir ki, Fətəli xan Xoyski 118 ünvanında mənzillərdə istilik sadəcə hiss olunurdu. Bizə iki il əvvəl dedilər ki, biz istiliyi normal veririk, sizin xətlər köhnəlib, dəyişdirin, düzələcək. Onu da bildirdilər ki, təmir sakinlərin öz hesabına olmalıdır. Bu il istiliyin verilməsinə yarım ay qalmış sakinlər qərara gəldi ki, toplaşaq, xətləri dəyişək, ondan sonra görək bəhanə nə olacaq. Beləliklə, bütün mənzillərdə qızdırıcı radiatorlar yeniləndi, xətlər dəyişdi, hətta binanın ümumi xəttini də dəyişdirdik. Bu il istilik veriləndə məlum oldu ki, əvvəlki illərdən heç bir fərqi yoxdur. Yenə də məcburuq ki, mənzillərdə elektrik sobalarından istifadə edək. Əks halda mənzillərimiz tərləyir, divarlarda, tavanda tər su kimi axır, oboylar qaralır, eulsiya tökülür, göbələk əmələ gəlir. Nə qədər təmir etdirsək də, xeyri olur, yenidən mənzillər acınacaqlı şəklə düşür. Ancaq illərdir 115 saylı Qazanxanadan sakinlərə borc bildirişləri gəlir”.

Bina sakinləri deyir ki, hazırda hamının 200-250 manat civarında borcu yığılıb:

"Məsələ borcda deyil, normal istilik olandan sonra borcu niyə ödəməyəsən ki? Başqa komunalları necə ödəyiriksə, onu da elə ödəyərik. Ancaq Nərimanov Rayon 5 saylı İstilik Sistemləri İstismar Sahəsinin 115 saylı qazanxanasından səs çıxmır. Mənzillərə ilıq su verməklə nəyə nail olmaq istəyirlər, dövlətin büdcəsi hara gedir, bizə də çox maraqlıdır”.

"Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə Xidmətinin rəhbəri Elvin Basqallı Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən binada mənzillərin istilik almamasına səbəb 52, 55 və 57-ci mənzillərdəki köhnə xətlərin dəyişilməməsidir:

"Köhnə metal borulardır. Bir mənzildə köhnə metal boru qalanda dövriyyə yaranmır. Bu səbəbdən də həmin mənzillər istiliksiz qalıb. Qurumun nümayəndəsi dəfələrlə həmin binada olub. Ordan cüzi sızma su keçir. Faktiki qazanxanada 61 dərəcə istilik var, gecələr isə 64 dərəcəyə qaldırılır. Orada 10 mərtəbəli binalar istilik alır, 5 mərtəbəli binanın istilik almaması gülünc olar. Problem odur ki, mənzildaxili xətləri vətəndaşlar öz vəsaiti hesablarına düzəltməlidirlər”.

Bahar Rüstəmli