“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin bu gün Milli Məclisin Aqrar Siyasət Komitəsində müzakirəyə çıxarılması gözlənilir. Sənəddə nəzərdə tutulan mexanizmin fermerlərin və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışına necə təsir edəcəyi əsas müzakirə mövzularından biridir.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Günay Hüseynova bildirib ki, fermerlərin maliyyə yükünün artdığı bir vaxtda riskli sahəyə əlavə kredit öhdəliyinin gətirilməsi problemin həlli olmaya bilər.
Onun sözlərinə görə, qanun layihəsi hələ qəbul edilməyib və sənədin mahiyyəti ilə yanaşı, fermerləri və kiçik və orta sahibkarları gözləyən məsələlər də müzakirə olunmalıdır:
“Məhsul Şəhadətnaməsi ilə bağlı qanun layihəsi hazırlansa da, hələlik qanun şəklində qəbul edilməyib. Bu gün bu mövzu Milli Məclisin Aqrar Siyasət Komitəsi tərəfindən müzakirəyə çıxarılacaq.
Layihənin mahiyyətini və fermerləri, həmçinin bu sahə ilə məşğul olan kiçik və orta sahibkarları nələrin gözlədiyini müzakirə etsək, ilk növbədə onu qeyd edim ki, fermerin maliyyə yükünün artdığı bir zamanda kreditə müraciəti və riskli sahə olan, həmçinin iqlimə və müxtəlif amillərə bağlı olaraq məhsuldarlığı bəlli olmayan sahəyə yatırım etməsi çıxış yolu deyil.
İkinci bir məsələ isə girov məsələsidir. Riskli sahə və xüsusilə girov qoyacaq nəyisə olmayan kiçik və orta təsərrüfatların gərginliyinin artmasına şərait yaradan mövcud vəziyyətdə kənd təsərrüfatından inkişaf gözləmək mümkün deyil”.

İqtisadçı hesab edir ki, məhz bu baxımdan məhsul şəhadətnaməsinin tətbiqi məqsədəuyğun ola bilər. Onun fikrincə, bu mexanizm fermerlərin və kiçik sahibkarların anbarlarında saxladıqları məhsuldan kapital kimi istifadə etməsinə imkan yarada bilər:
“Məhz bu səbəbdən də “Məhsul Şəhadətnaməsi haqqında” qanun məqsədəuyğun hesab olunur. Yəni fermerin və ya kiçik sahibkarın anbarındakı məhsul artıq kapital kimi sayılacaq və qeydiyyata alınacaq. Təbii ki, həmin məhsulun standartlara cavab verməsi, keyfiyyəti və qiymət amili müzakirə obyektidir”.
Günay Hüseynova kənd təsərrüfatında istehsal problemlərinin həlli üçün əsas diqqətin mövcud çətinliklərin aradan qaldırılmasına yönəldilməsinin vacib olduğunu düşünür.
“Fermerlərin qarşılaşdığı istehsal problemlərinə gəldikdə isə düşünürəm ki, subsidiya, dotasiya və ya digər ayrılmalardan daha çox, mövcud problemlərin aradan qaldırılması daha məqsədəuyğun hesab olunardı.
Məsələn, susuzluqdan istifadəsiz qalan torpaqlar artıq duzlaşıb, çat-çat olub. Yəni vətəndaşın problemi su ilə bağlıdır. Əkilən sahədə susuzluqdan çürüyərək xarab olan tonlarla məhsul da var.
İkinci bir məsələ odur ki, texnika qıtlığı mövcuddur. Düşünürəm ki, texnikanın gün hesabı ilə icarəyə verilməsi məqsədəuyğun olar. Məsələn, 15-20 minlik texnikanı almaq hər kəsin büdcəsinə uyğun deyil, xüsusilə mövsümi məhsul yığımında. Kiçik sahibkar alsa belə, amortizasiyası ümumi çəkilən xərcləri belə qarşılamır”.
İqtisadçı hesab edir ki, kənd təsərrüfatının inkişafı üçün kreditləşmədə girov tələbi məsələsinə də yenidən baxılmalıdır:
“Bundan əlavə, düşünürəm ki, kənd təsərrüfatının inkişafı, həmçinin kənd təsərrüfatının ölkə iqtisadiyyatında payını artırmaq naminə kreditləşmədə girov məsələsini aradan qaldırmalıyıq. Kəndli ölkənin kənd təsərrüfatının inkişafı naminə kredit götürür. Maliyyə mənbələrinin qıt olması səbəbindən üstəlik zərər vəziyyətində onun əmlakının və ya girovunun əlindən alınması ədalətsizlik olar.
Əsas məsələ isə həqiqətən onun həmin maliyyə mənbəyini sahənin inkişafına yatırıb-yatırmayacağı ilə bağlıdır. Bu da təbii ki, şübhəlidir. Ona görə də düşünürəm ki, hesabatlı şəkildə biznes planın tətbiqi və buna ciddi nəzarət olunması məqsədəuyğun olar”.
Günay İlqarqızı
Şərhlər