XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kənd təsərrüfatında tənzimləmə artırılmalıdır, yoxsa sadələşdirilməlidir? (ŞƏRH)
Ekonomiks15:17 17.09.2026

Kənd təsərrüfatında tənzimləmə artırılmalıdır, yoxsa sadələşdirilməlidir? (ŞƏRH)

Kənd təsərrüfatı sahəsində hələ də problemlər qalmaqda davam edir. Bu sahədə istehsal və satış proseslərinin tənzimlənməsi, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi və aqrar sahəyə bank kreditlərinin artırılması ilə bağlı vəziyyət hələ də dəyişməyib. Fermerlərin qarşılaşdığı əsas çətinliklərdən biri də mövcud qaydaların onların fəaliyyətinə necə təsir etməsi və maliyyə imkanlarının genişləndirilməsi üçün hansı addımların atılacağıdır.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, kənd təsərrüfatında yeni qaydalar və standartlar tətbiq edilərkən sahənin xüsusiyyətləri və fermerlərin illər ərzində formalaşmış fəaliyyət qaydaları nəzərə alınmalıdır.

O, kənd təsərrüfatının həssas sahə olduğunu vurğulayaraq, bu məsələdə konservativ yanaşmanın tərəfdarı olduğunu deyib:

"Bizdə onsuz da artıq həddindən çox tənzimləmə var. Həddindən artıq tənzimləmə, qaydalar, standartlar həm də kənd təsərrüfatı elə bir həssas sahədir ki, burada insanların on illiklərlə formalaşmış davranış qaydalarını da nəzərə almaq lazımdır".

Natiq Cəfərli bəzi tənzimləyici aktların qəbulunun dayandırılmasını və mövcud qaydaların sadələşdirilməsini təklif edir:

"Mənə elə gəlir ki, bəzi həddindən artıq tənzimləyici aktların, belə deyək, qəbulunu dayandırmaq, onları sadələşdirmək lazımdır. Yəni mən, açığı, bu sahənin bu qədər sıx tənzimlənməsinin o qədər də doğru olmadığını düşünürəm".

İqtisadçı aqrar sahənin digər əsas problemlərindən birinin fermerlərin kredit resurslarına çıxışı olduğunu bildirib. Onun sözlərinə görə, kredit imkanları mövcud olsa da, bankların aqrar sahəyə kredit ayırması aşağı səviyyədədir:

"Kredit imkanları onsuz da var, indi də var, sadəcə banklar vermirlər. Aqrar sahəyə bankların kredit verməsi çox azdır".

Natiq Cəfərli hesab edir ki, əsas suallardan biri bankların aqrar sahəyə kredit ayırmağa necə maraqlı olmasıdır:

"Yəni bu bankları necə məcbur edilə bilər ki, aqrar sahəyə kredit versinlər? Nə deyəcəklər banklara?"

İqtisadçıya görə, bankların aqrar kreditləşməsində maraqlı olması üçün konkret mexanizmlər müəyyənləşdirilməlidir:

"Onlara nə təklif olunmalıdır kii, onlar aqrar kreditlərin verilməsində maraqlı olsunlar? İndi qanun qadağan etmir axı, fermerlərə kredit vermək olar. Niyə kredit verilmir? Bax, bu ciddi müzakirə olunmalıdır. Bu yolda hansı maneələr varsa, həmin maneələr aradan qaldırılmalıdır".

Günay İlqarqızı