ABŞ prezidenti Co Bayden prezidentliyə namizəd Donald Trampla danışıb. Bu söhbət, keçmiş prezidentin həyatına ikinci sui-qəsd cəhdindən sonra baş verib.
Qaynarinfo bu barədə "The Hill”ə
istinadən xəbər verir.
Söhbət barədə Ağ Evin mətbuat katibinin baş müavini Emili Simons X sosial şəbəkəsində yazı dərc edərək bildirib. O, Baydenin Trampın təhlükəsizdə olduğuna dair rahatlıq ifadə etdiyini söyləyib.
"Prezident Bayden indicə keçmiş prezident Trampla danışıb və onun təhlükəsizlikdə olduğuna görə rahat olduğunu bildirib. Onlar səmimi söhbət ediblər və keçmiş prezident zəngə görə öz minnətdarlığını bildirib", deyə Ağ Ev rəsmisi bildirib.
Bundan əvvəl media Baydenin Trampla telefonla əlaqə saxlamadığını, çünki onun əlçatmaz olduğunu yazıb. Eyni zamanda jurnalistlərə açıqlama verən ABŞ prezidenti əlavə edib ki, daha sonra yenidən zəng etməyə çalışacaq.
Xatırladaq ki, bazar günü, sentyabrın 15-də Trampın həyatına yeni sui-qəsd cəhdi olub. Florida ştatının Vest Palm Biç şəhərində Tramp Beynəlxalq qolf klubunda qolf oynayan zaman onun yaxınlığında atışma səsləri eşidilib.
Mümkün hücumda şübhəli bilinən şəxs 58 yaşlı Havay sakini Rayan Routdur. Bir müddət sonra o, saxlanılıb. Məxfi Xidmətin məlumatına görə, sui-qəsd cəhdində şübhəli bilinən şəxs müəyyən edildiyi yerdən qolf meydançasında olan Donald Trampı birbaşa görə bilməzdi. O, heç vaxt silahdan atəş açmayıb.
Nizami Bağırov
Şərhlər