Xəbər lenti

Bayram öncəsi ən çox verilən sual: Əfv olacaqmı?
Ölkə 14:10 06.03.2026

Bayram öncəsi ən çox verilən sual: Əfv olacaqmı?

(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusu üzrə hazırlanıb)
 
Bu il Azərbaycanın milli bayramı olan Novruz və müqəddəs Ramazan bayramı eyni günə təsadüf edir. Bayramlar yaxınlaşdıqca cəmiyyətdə əfv sərəncamı ilə bağlı müzakirələr gündəmə gəlir. Elə məhbuslar da azadlığa qovuşmaq və əzizləri ilə birlikdə bayramlarını qeyd etmək istəyir.

Bəs, iki bayramın bir günə təsadüf etməsilə ilə bağlı əfv sərəncamı imzalana bilərmi?

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əfv sərəncamını imzalamaq Prezidentin səlahiyyətindədir: 

"Novruz bayramı yaxınlaşdıqca cəmiyyətdə Prezident tərəfindən əfv sərəncamının imzalanacağı ehtimalı artır. Novruz milli bayram kimi qeyd olunur və bu səbəbdən bayram ərəfəsində əfvlə bağlı suallar tez-tez gündəmə gəlir. Əfv mütəmadi təqvimlə deyil, siyasi-ictimai kontekst, humanitar yanaşma və dövlətin prioritetləri nəzərə alınmaqla verilir. Bayramlar və əlamətdar tarixlər əsasən humanitar və sosial kateqoriyalarla bağlı sərəncamların verilməsinə təsir edir. Azərbaycan dövlətinin hüquqi sistemində humanizm və mərhəmət prinsipləri fundamentaldır. Prezidentin bütün fəaliyyətinin mərkəzində insan amili dayanır və humanizm prinsipləri daimi olaraq tətbiq edilir".
 


Əliməmməd Nuriyev ötən il may ayında verilmiş əfv sərəncamını xatırladıb:

"Bu sərəncam 200-dən artıq şəxsə şamil olundu. Həmçinin "Konstitusiya və suverenlik ili” ilə əlaqədar böyük amnistiya aktı qəbul edildi. Hazırda həmin sərəncamın icrası prosesi davam edir və aprel ayının sonunda başa çatmalıdır. Bütövlükdə amnistiya aktı 20 min nəfəri əhatə edir. Proses davam etdikcə bu rəqəmlər artacaq və yekuna  doğru yaxınlaşır".
 
Komissiya üzvü əfv sərəncamının amnistiya icrası dövründə verilməsinin ehtimalını böyük hesab etmir:

"Prezidentin müstəsna konstitusiyon səlahiyyəti olduğu üçün konkret fikir söyləmək düzgün olmaz. Hazırda Əfv Komissiyasının iclasları keçirilmir. Adətən əfv sərəncamı  ərəfəsində komissiyanın iclasları keçirilir və bu proses həftələrlə davam edir. Komissiyanın katibliyi və Prezident Administrasiyasının hüquq mühafizə orqanlarının iş şöbəsi fasiləsiz işləyir, daxil olan məlumatları qəbul edir və sənədləri qaydaya salır. Hər müraciətlə bağlı arayış  hazırlanaraq komissiyanın sədri Samir Nuriyevə təqdim olunur".

Əliməmməd Nuriyev əlavə edib ki, komissiyanın iclaslarının çağırılması sədrin səlahiyyətinə aiddir:

"Hazırda iclaslar keçirilmir və yaxın vaxtlarda əfv sərəncamının olacağını ehtimal etmirəm. Lakin amnistiya icrası başa çatdıqdan sonra əfv sərəncamı ilə bağlı ehtimal gündəmə gələ bilər. Buna görə də hər hansı dəqiq fikir söyləmək doğru olmaz".

O, prosesin davamlı olacağına ümidini də ifadə edib:

"Bu günə qədər Prezident tərəfindən 71 əfv sərəncamı imzalanıb. Hər zaman cəmiyyətin gözləntiləri və humanizm prinsipləri nəzərə alınaraq belə sərəncamlar verilir. Amma sərəncamın nə zaman olacağını indidən söyləmək mümkün deyil".

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


--> -->