Naxçıvanda dayısının pulunu oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi Türkiyədən gələn K.Cəfərov Sədərək rayonunun Dəmirçi kəndində yaşayan babasının evinə gedib. Həmin vaxt babası ilə yanaşı evdə dayısı və nənəsi olub. Az sonra K.Cəfərovun babası və dayısı evdən çıxıb. K.Cəfərov nənəsinə yatacağını deyərək yataq otağına keçib. Həmin otaqda əl çantası görüb. Çantanın içində 10 800 manat və 100 dolar olub. K.Cəfərov pulları oğurlamaq qərarına gəlib və bu niyyətini həyata keçirib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra K.Cəfərov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Sədərk Rayon Məhkəməsində hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə baxılıb.
K.Cəfərov məhkəmədə özünü verilmiş ittiham üzrə təqsirli bilib.
Məhkəmənin hökmü ilə K.Cəfərova 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 4 ay 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər