Xəbər lenti

Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı
Dünya 16:28 06.03.2026

Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı

Pompeydə aparılan mühüm arxeoloji qazıntılar zamanı alimlər "itmiş Pompey"ə aparan möhtəşəm pilləkənlər aşkar ediblər. Araşdırmaçılar hesab edir ki, bu ərazi bir vaxtlar Roma elitasının yaşadığı yer olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Mirror" yazır.

Əvvəllər Pompeydə yerləşən "Tiasusun evi” villasında olan pilləkənlərin heç yerə aparmadığı düşünülürdü. Lakin yeni araşdırmalar göstərib ki, bu pilləkənlər əslində şəhərin yüksək səviyyəli yaşayış hissəsinə – bir növ qədim elit yaşayış kompleksinə giriş olub.

Arxeoloqların sözlərinə görə, bu bina varlı bir ailəyə məxsus olub. "Pompei Sites" məlumatına əsasən, hazırda dağıntı vəziyyətində olan bu qüllə tipli tikililərdə zəngin sakinlər yaşayırdı.

"İtmiş Pompey evi binaların yuxarı mərtəbələrindən ibarətdir və bu hissələr qədim şəhərdə həyatın necə olduğunu anlamaq üçün böyük əhəmiyyət daşıyır”, deyə Pompey Arxeoloji Parkının direktoru Qabriel Zuxtriqal bildirib.

Tədqiqatçılar supervarlı insanların villalarının modellərini yaratmaq üçün rəqəmsal arxeologiya metodlarından istifadə ediblər. Onların qənaətinə görə, Pompeydəki ən böyük villalar bir vaxtlar hakimiyyət və zənginliyin simvolu sayılan qüllələrlə təchiz olunmuş ola bilərdi.

"Pompeydə arxeoloji tədqiqatlar çox mürəkkəbdir. Sahə işləri ilə yanaşı, qazıntılar qədim dünyada insanların həyatına aid toxunulmamış kontekstləri və Vezuvi vulkanının püskürməsi ilə bağlı yeni hekayələri üzə çıxarır. Həmçinin bu məkanda qorunmamış elementləri öyrənmək və bərpa etmək üçün qeyri-invaziv tədqiqat üsullarından da istifadə edilir”, deyə Zuxtriqal izah edib.

Alimlərin fikrincə, Vezuvi vulkanının püskürməsindən sonra yaranan kül binaların aşağı səviyyələrini örtərək qoruyub saxlayıb, lakin yuxarı mərtəbələri məhv edib.

Araşdırmaçılar bildirir ki, qopmuş pilləkənlər və kəsilmiş dayaq şüaları kimi ipuclarından istifadə edərək şəhərin yeni rəqəmsal modelini yaradıblar. Bu məlumatlara əsasən, pilləkənlərin qülləyə aparması ehtimal edilir və zəngin sakinlər buradan şəhəri və Neapol körfəzini seyr edə bilirdilər.

Tədqiqatçılar hesab edir ki, qüllənin hündürlüyü təxminən 12 metrə çata bilərdi və "Tiasusun evi” əslində çoxmərtəbəli bina olub.

"Binanın aşağı hissəsinin interyeri sadə idi. Bu isə yuxarı mərtəbəyə aparan monumental xarici pilləkənlərlə ziddiyyət təşkil edirdi və yaşayış sahəsinin daha zərif və nümayişkaranə olduğunu göstərirdi. Toplanan məlumatlar əsasında hazırlanan 3D rəqəmsal model bizə həmin dövrün məkanını, cəmiyyətini və insanların həyat təcrübəsini daha yaxşı anlamağa kömək edir”, dey alimlər qeyd ediblər.

Aydın

--> -->