Xəbər lenti

Tehranın
Dünya 18:23 06.03.2026

Tehranın "pul kisəsinə" zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz ərazisində İranın milyardlarla dollar dəyərində aktivlərini bloklamağa hazırlaşır. Uzun illər ərzində Əbu-Dabi və Dubay İran rejimi üçün dünyaya açılan pəncərə rolunu oynasa da, İranın aqressiv hərəkətlərindən sonra BƏƏ radikal addımlar ata bilər. 

Qaynarinfo xəbər verir ki, Tehrana qarşı maliyyə təzyiqi ssenariləri "Wall Street Journal" tərəfindən araşdırılıb.

Əgər BƏƏ bu təhdidləri həyata keçirsə, İran xarici valyutaya çıxışını itirəcək ki, bu da ölkə üçün kritik əhəmiyyət kəsb edir. İranın daxili iqtisadiyyatı artıq inflyasiya və hərbi xərclər səbəbindən çökməkdədir və hesabların dondurulması maliyyə sıxıntısı yaradacaq, jurnal ekspertlər və vəziyyətlə tanış mənbələrə istinad edərək bildirir.

BƏƏ-nin İrana qarşı atacağı hər hansı maliyyə məhdudlaşdırıcı addım "çox əhəmiyyətli olacaq, çünki BƏƏ İranın dünya iqtisadiyyatı ilə əlaqəsinin ən vacib kanalını təşkil edir", deyə İran üzrə ixtisaslaşmış "Bourse & Bazaar" analitik mərkəzinin icraçı direktoru Esfandyar Batmanğelidj bildirib.

Əsas hədəf – SEPAH strukturları

Əsas hədəf İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı strukturlar olacaq; bu qurum İran rejiminin həm hərbi, həm də maliyyə dayağıdır. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, SEPAH BƏƏ-də yaradılmış örtülü şirkətlər vasitəsilə neft satışını həyata keçirir və silah proqramlarını maliyyələşdirir.

BƏƏ-nin İrana qarşı istifadə edə biləcəyi maliyyə alətləri

Ekspertlər bir neçə variantı qeyd edir: örtülü şirkətlərin hesablarının dondurulması, yerli valyuta birjalarına məhdudiyyətlər, qanunsuz pul köçürmə kanallarının bloklanması.

Ekstremal halda BƏƏ İran gəmilərini ərazi sularında ələ keçirə bilər. Bu, BƏƏ-də qeydiyyatdan keçmiş köhnə tanker gəmilərinə əsaslanan İranın "kölgə donanması”nı faktiki olaraq iflic edəcək.

Ekspertlər bildirir ki, bu addım ABŞ-ın xoşuna gələ bilər. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə ABŞ bankları vasitəsilə İranın gizli əməliyyatlarına aid 9 milyard dollar keçib və bu vəsaitlərin 62%-i Dubaydakı şirkətlər tərəfindən işlənib. İndi bu axın dayandırıla bilər.

BƏƏ rəsmisi WSJ-ə bildirib ki, ölkədə sanksiyaya düşən şəxslər və şirkətlərlə işləmək üçün etibarlı prosedurlar mövcuddur. Məsələn, iki il əvvəl Dubayın əsas dövlət bankı ABŞ rəsmilərinin təzyiqindən sonra rus oliqarxlarına və neft ticarətçilərinə aid bəzi hesabları bağlayıb.

BƏƏ üçün risklər

BƏƏ üçün risklər böyükdür. Tehranın cavab olaraq BƏƏ-nin enerji infrastrukturasına hücum etmə potensialı var. Bundan əlavə, ölkədə yüz minlərlə iranlı yaşayır və əlaqələrin tam kəsilməsi BƏƏ-nin neytral biznes mərkəzi kimi nüfuzuna zərbə vuracaq.

London Krallıq Kollecinin Təhlükəsizlik Araşdırmaları Məktəbinin baş müəllimi Andreas Kriq hesab edir ki, Əbu-Dabi seçici addımlar atacaq. İlk növbədə, birbaşa hərbi qurumlarla bağlı hesablar dondurulacaq. "Bu, BƏƏ-nin iranlılara qarşı istifadə edə biləcəyi ən vacib qeyri-hərbi alətdir", deyə Kriq bildirib.

BƏƏ Xarici İşlər Nazirliyi rəsmi olaraq bu planları şərh etmir, lakin mənbələr bildirir ki, maliyyə məhdudiyyətlərinə hazırlıq davam edir. Əgər SEPAH-ın hesabları bloklanarsa, bu, Fars Körfəzində siyasətdə tarixi dönüş olacaq.

Aydın

--> -->