Dünəndən Azərbaycanda bəzi məhsulların qiymətində artım
müşahidə edilir. Belə ki, "Azərsun Holding” bütün növ yağ, düyü, konserv məhsullarında
7-15 faizdən çox artım edib. Bildirilir ki, sözügedən şirkət öz istehsal müəssisələrində
emal və istehsal olunan məhsullarının 80 faizinin qiymətini artırıb. Bəs görəsən,
qiymətlərin birdən-birə bu qədər artmasının səbəbi nədir? Qeyri-qida sahəsində
də artım gözlənilirmi?
Bu suallarımıza cavab tapmaq üçün iqtisadçı ekspert Pərviz
Heydərovla əlaqə saxladıq. O, "Yeni Sabah”a açıqlamasında qiymətlərin bazarın tələblərinə
uyğun olaraq dəyişdiyini bildirib:
"Azersun Holding”in qiymət artımı ilə bağlı adı niyə
hallanır, bunu bilmirəm. Qiymət artımını şirkət etmir, bazar edir. Daxili
bazarda istehlak məhsulları üzrə qiymət artımı var, bəli. Amma buna səbəb əhalinin
gəlirləri artdı, buna müvafiq olaraq, bazar adekvat cavab verdi. Süni qiymət
artımının baş verməməsi üçün hökümət bazara nəzarət etməyə çalışır.
Bizdə bu dəqiqə ölkənin daxili istehlak bazarında vəziyyət
heç də əvvəlki illərdəkı kimi deyil ki, bu və ya digər şirkət bazarda süni qiymət
artımına nail olsun. Burada hansısa şirkətin adını çəkməyə ehtiyac yoxdur. Bu,
mümkün deyil.
Minimum əmək haqları, minimum pensiyalar artırıldı. Bu nə
deməkdir? Bu o deməkdir ki, dövriyyəyə əlavə nəğd pul vəsaiti daxil olur.
İqtisadiyyatın da qanunu var ki, dövriyyəyə əlavə nəğd vəsait daxil olanda
bazar, xüsusilə, ən zəruri istehlak malları, əgər istehsal zəifdirsə, tələbatı
ödəyəcək səviyyədə deyilsə, bu və ya digər subyektiv səbəblərə görə buna dərhal
reaksiya verir. Beləliklə, qiymət artımı müşahidə olunur.
Belə götürəndə bazarda süni qiymət artımının olması ilə
bağlı tam razılaşa bilmirəm. Çünki hökumət özü də buna nəzarət edir. Yerli
istehsalda və idxalda 30 faizdən çox hökümran mövqeyə malik şirkət xüsusən nəzarət
altındadır. Onların qiymət artımını tələb və təklif nisbətindən kənarda həyata
keçirmək imkanları məhduddur. Bu artıq neçə illərdir ki, belədir. Heç bir şirkətin
bunu etmək imkanı yoxdur. Bəli, daxili istehlak bazarında "Azersun Holding”
aparıcı mövqeyə sahibdir. Bu faktla razıyam. Bu da uzun illər ərzində
formalaşmış tendensiyadır. Heç kəs "Azersun”a geniş imkan yaradaraq və yaxud
süni yolla dəstəkləyərək belə bir şərait yaratmayıb. Bazara nəzər yetirsəniz,
görərsiniz ki, hətta bir-birinə rəqib ola biləcək yeni-yeni şirkətlər ortaya
çıxır”.
"Bəli, qeyri-qida sahələrində də tələbə uyğun olaraq qiymət
artımı olacağı realdır. Əhalinin gəlirinin artması və nəğd vəsaitin dövriyyədə
çoxalması buna səbəb ola bilər. Ən pis halda, bahalaşma o halda ola bilər ki,
ölkədə yanacağın, enerji məhsullarının qiyməti artsın. Bu sahə isə dövlət nəzarəti
altında olduğuna görə, belə hal yaşanmır. Düşünürəm ki, heç yaşanmayacaq da. Əgər
ki, həmin məhsullarda qiymət artsa, onda bazarda qiymət artımı daha da kəskin şəkildə
özünü göstərə bilər”.
Şərhlər