XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı
Siyasət19:50 07.10.2026

Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində "Avaza" Milli Turizm Zonasında keçirilən Mərkəzi Asiya dövlətləri və xarici işlər nazirlərinin müşavirəsində iştirak və çıxış edib.

Qaynarinfoxəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

C. Bayramov müşavirənin ali səviyyəli sammit ərəfəsində keçirilməsinin əməkdaşlığın əsas istiqamətləri üzrə ilkin müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Ötən il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsinin ölkələrimiz arasında tarixi və mədəni bağlara, qarşılıqlı etimada və birgə strateji maraqlara əsaslanan dərin inteqrasiya proseslərinin göstəricisi olduğu qeyd edilib.

Müasir dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Bu çərçivədə, C6 formatı iştirakçıları arasında bərabərhüquqlu və etimada əsaslanan siyasi dialoqun, ticarət və qarşılıqlı investisiyaların genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.

Nazir strateji əhəmiyyət kəsb edən nəqliyyat və enerji sahələrindəki əməkdaşlığa toxunaraq, Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında və beynəlxalq ticarətdə Orta Dəhlizin artan rolunu qeyd edib. Həmçinin, yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın, eləcə də nəqliyyat və rəqəmsal bağlantı layihələrinin regionun potensialının tam reallaşdırılması üçün əhəmiyyəti vurğulanıb.

Çıxışda ekoloji gündəliyə xüsusi diqqət ayrılıb. İqlim dəyişikliyinin fəsadları, Aral dənizi və su problemləri ilə yanaşı, Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsinin sahil infrastrukturuna və ekoloji vəziyyətə mənfi təsiri qeyd olunaraq ciddi narahatlıq ifadə edilib. Bu problemlərin həlli üçün sistemli elmi yanaşma, məlumat mübadiləsi və regional əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Sonda nazir C. Bayramov müşavirənin yekunlarına əsasən qəbul ediləcək sənədlərin və əldə olunacaq razılaşmaların gələcək uzunmüddətli əməkdaşlıq üçün aydın istiqamət olacağına əminliyini ifadə edib.

Azərbaycanın bu formatın möhkəmlənməsinə və qarşıya qoyulan vəzifələrin icrasına fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib.