Stenford Universitetinin professoru Karl Deyserot Nobel Komitəsinin ona nüfuzlu mükafatın verilməsi barədə məlumat çatdırmaq üçün etdiyi zəngi yatdığı üçün cavablandırmayıb. Alim həmkarları ilə birlikdə neyronların fəaliyyətini işığın köməyi ilə idarə etməyə imkan verən optogenetika sahəsindəki kəşfinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "RMF24" portalı məlumat yayıb.
Zəng bazar ertəsi yerli vaxtla saat 00:27-də Deyserot ailəsinin Silikon vadisindəki evinə daxil olub. 54 yaşlı tədqiqatçı mobil telefonuna gələn zəngə cavab verməyib. Bundan sonra komitənin nümayəndələri onun həyat yoldaşı, doktor Mişel Monje-Deyserotun nömrəsinə zəng ediblər.
Həyat yoldaşı ona telefonu "Stokholmdan zəng edirdilər" sözləri ilə uzadanda alim təxminən yarım dəqiqə danışa bilməyib. Mişel isə bu xəbərə heç təəccüblənməyib və ərinin neyrobiologiyada inqilabi dəyişikliklərə səbəb olduğunu bildirib.
Optogenetika yosunların işığa həssas zülallarının məməlilərin beyin hüceyrələrinə yerləşdirilməsinə imkan verir. Bunun sayəsində alimlər lazer vasitəsilə ayrı-ayrı neyronları sözün əsl mənasında işə sala və söndürə bilirlər. Bu metod artıq Parkinson xəstəliyi və depressiya zamanı əsas hüceyrə zəncirlərinin müəyyənləşdirilməsinə kömək edib. Gələcəkdə isə iflic olmuş insanların hərəkət qabiliyyətini bərpa etməyə imkan verə bilər.
"Biz beyindəki hüceyrələri işə salmaq və söndürmək üçün işıqdan istifadə edə bilərik. Birhüceyrəli orqanizmlərdən molekullar götürür və bir lazer klikilə neyronları stimullaşdırırıq. İşimizi məhz belə təsvir etmək olar: sanki beyinə təkan veririk", deyə Karl Deyserot izah edib.
Tarixi hadisəyə baxmayaraq, laureatın səhəri adi günlərdən fərqlənməyib. Stenford Universitetinin mətbuat xidmətinin məlumatına görə, alim hər gün etdiyi kimi, üç məktəbli övladına dərsə ac getməmələri üçün sendviç hazırlamaqdan imtina etməyib.
10 yaşlı qızı Sofi sevinclə atasının "dünyadakı bütün mükafatları qazandığını" deyib. 16 yaşlı oğlu Qudzon isə atasını tanıdığı insanlar arasında ən əzmkar insan adlandırıb. Tədqiqatçının özü isə təvazökarlıqla işinə qayıtmaq niyyətində olduğunu bildirib.
Maraqlıdır ki, alimin ilk böyük marağı təbiət elmləri deyil, ədəbiyyat olub. Gəncliyində o, neyrocərrah olmaq istəyib. Lakin psixiatriya üzrə təcrübə keçərkən fərqli reallıq yaşayan xəstələrə kömək etmək imkanı onu cəlb edib.
Məhz həmin dövrdə gələcək Nobel mükafatı laureatı sözlərin və cümlələrin insan hisslərinə necə təsir etdiyini və emosiyaların təbiətini anlamaq üçün beyni araşdırmağın mümkün olub-olmadığını düşünməyə başlayıb.
Aydın
Şərhlər