Çin çərşənbə axşamı günü amerikalı şirkətlərə, xüsusilə Google, kənd təsərrüfatı texnikası istehsalçıları və Calvin Klein markasının sahibinə qarşı genişmiqyaslı tədbirlər elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bu tədbirlər Çin tərəfindən bəzi Amerika mallarına, o cümlədən kömür və neftə tətbiq edilən yeni rüsumlarla eyni vaxtda qüvvəyə minib.
Çinin Ticarət Nazirliyi Calvin Klein və Tommy Hilfiger brendlərinin sahibi PVH Corp və ABŞ-ın biotexnologiya şirkəti Illumina-nı "etibarsız şirkətlər" siyahısına daxil etdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, bu şirkətlər Çin müəssisələrinə qarşı "ayrımçı tədbirlər" tətbiq edib və "Çin şirkətlərinin qanuni hüquq və maraqlarına zərər vurub".
Siyahıya daxil edilən şirkətlər cərimələr və ticarət əməliyyatlarının dondurulması, xarici işçilər üçün icazələrin ləğvi kimi genişmiqyaslı sanksiyalara məruz qala bilərlər.
Bundan əlavə, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi Google-un ölkənin antiinhisar qanunlarını pozmaqda şübhəli bilindiyini və bu barədə araşdırma başladıldığını elan edib. Lakin işin detalları və mümkün qanun pozuntuları barədə məlumat verilməyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal olunan mallara əlavə rüsumlar tətbiq edən üç fərman imzalayıb. Bu, ticarət müharibəsi çərçivəsində ilk rəsmi qərar olub. Kanada və Meksika liderləri buna analoji tədbirlərlə cavab verəcəklərini bəyan ediblər.
Çin Trampın yeni rüsumlarını Ümumdünya Ticarət Təşkilatında (ÜTT) mübahisələndirməyi və qeyri-müəyyən cavab tədbirləri görməyi planlaşdırır.
Çərşənbə axşamı Çin ABŞ-ın yeni gömrük rüsumlarına cavab olaraq bəzi Amerika mallarına rüsumlar tətbiq edib. Bu isə dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsini daha da kəskinləşdirib.
Alpər
Şərhlər