İdman 22:05 02.07.2022

Cüdoçularımız "Açıq Avropa"nın ilk günündə 5 medal qazandı

Böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirinin ilk gününün nəticələri bəlli olub.
 
Qaynarinfo xəbər verir ki, idmançılarımız Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən yarışın ilk günündə yüksək nəticə əldə edib.

-60 kq. çəkidə Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan digər idmançımız Rəşad Yelkiyev turniri bürünc medalla başa vurub.
 
-66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Paşayev bürünc medala yiyələnib.

-73 kq. çəkidə Telman Vəliyev final görüşündə tatamidən qalib ayrılaraq qızıl medala layiq görülüb. Eyni çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev isə turniri bürünc medalla başa vurub.
 
İlk günün nəticələrinə görə, cüdoçularımız 5 medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında Açıq Avropa turnirdə birinci yerdədir.
 
Səbuhi Həsənov