Xəbər lenti

Daha 20 il Ermənistanda qalmaq üçün...
Hüseynbala Səlimov
Siyasət 11:34 30.10.2023

Daha 20 il Ermənistanda qalmaq üçün...

Adamın sözün lap əsl mənasında könlündən bir dəli gülmək keçir. Bəli, bir neçə il bundan əvvəl rus məmurları və siyasətçiləri qürurla deyirdilər ki, bəs Ermənistan bizim Cənubi Qafqazdakı "forpost”umuzdur. Keçmiş prezident Serj Sərkisyan deyirdi ki, rus imperatorları ermənilərin sədaqətinə o qədər əmin olublar ki, Ermənistanda rusları yerləşdirməyiblər. Amma biz deyirdik ki, Ermənistanı Rusiya ilə Dağlıq Qarabağdan başqa heç nə birləşdirmir – haylar görəndə ki, Rusiya Dağlıq Qarabağı onlara vermir, üzlərini tutacaqlar tamam başqa səmtə, "forpost” da yaddan çıxacaq, rus imperiyasına sədaqət də, halbuki haylar ən azı bu gün Ermənistan kimi ölkələri olduğuna görə ilk növbədə Rusiya imperiyasına minnətdar olmalıdırlar, çünki onları Azərbaycan türklərinin torpaqlarında məhz rus imperatorları yerləşdirmişdilər...

Qərəz, haylar son vaxtlarda yeni xəyanət və unutqanlıq səhifəsi başlayıblar. Düzdür, biz belə hesab etmirik ki, Ermənistan əbədi olaraq Rusiyanın yedəyində olmalıdır – yox, insanlar kimi xalqların da yolları birləşir və bir gün ayrılır. 

Ermənistanla Rusiya arasında həm də bu baş verir. Ötən həftənin sonlarında erməni baş naziri Nikol Paşinyan daha bir anti-Rusiya xarakterli müsahibə verdi və bununla Kremli bir daha Ermənistanla hərbi müqavilənin şərtlərinə baxmağa vadar etdi. Bəli, Moskva ərz etdi ki, İrəvan bu müqavilənin şərtlərini birtərəfli qaydada poza bilməz. Üstəgəl, Moskvada hələ də belə hesab edirlər ki, erməni siyasətindəki anti-Rusiya notları yalnız Paşinyanın siyasətilə bağlıdır, ona görə ki, sonuncu Kremldə "Qərbin adamı” hesab edilir. Amma gəl, həqiqətdə necə, doğrudanmı, belədir?

Biz belə düşünmürük, çünki, birincisi, çox müqavilələrin kağız parçasına çevrilməsinin şahidi olmuşuq. Bir vaxt möhtəşəm Varşava müqaviləsi də vardı. Amma indi yoxdur! Bəs necə oldu? Tarixin zibilliyinə atıldı!.. İndi də Cənubi Qafqazda tanış küləklər əsir. Biz bu küləkləri ötən əsrin doxsanıncı illərində görmüşük. Düzdür, o vaxt bu küləklər daha sərin və xoş idi. İndisə bir az fərqlidir. Amma eyb etməz, məsəl var, deyirlər ki, su axıb axarın tapar. Bu dəfə də belə olacaqdır, gec-tez hər şey öz yerini tutacaq. O ki qaldı Paşinyanın "Qərbin adamı” olmasına və qərbpərəst siyasət yürütməsinə, bir detalı hətta Rusiya sosioloqları və politoloqları belə inkar etmirlər: erməni cəmiyyəti hələ Paşinyanı müdafiə edir! Misal var deyirlər ki, bəs, bunu hansı hesaba yazaq?..

Düzdür, bəzi adamları belə bir detal çaşdırır ki, özünün növbəti anti-Rusiya xarakterli müsahibəsindən sonra Paşinyan Moskvanın Qafanda konsulluq açmaq təklifinə müsbət cavab verdi. Amma bu, boş şeydir. Ona görə ki, İrəvan ilk növbədə Rusiyanın hərbi-təhlükəsizlik müstəvisindən uzaqlaşmağa çalışır. Ermənistan baş naziri demək olar ki, KTMT-nın və MDB bütün tədbirlərini boykot edir. Ötən həftə də belə oldu: o, Moskvaya daha bir "yox” deyib, Tiflisə regional tədbirə yollandı...

Bizim buna reaksiyamız necə olmalıdır? Ermənistan Rusiyadan nə qədər uzaqlaşsa, bu, bir o qədər bizim maraqlarımıza cavab verir. Amma biz bir detalı hiss edirik, sezirik burada. Bir vaxt deyirdilər ki, Azərbaycan – Ermənistan münaqişəsi ona görə həll olunmur ki, Bakı və İrəvan tamam fərqli geosiyasi müstəvilərdə qərar tutublar. İndi bölgədə geosiyasi konfiqurasiya yenidən dəyişir, İrəvan Qərbə tərəf dreyf edir. Amma biz bu prosesdə Rusiyaya tərəf istiqamət götürməməliyik, Ermənistana və N.Paşinyana imkan verməliyik ki, Qərblə yaxınlaşsınlar. Bilirsiniz, biz taktiki və xüsusən də müvəqqəti olaraq Rusiyaya "strateji müttəfiq” deyə bilərik. Amma gəlin özümüzü aldatmayaq: bölgədə bizim yalnız bircə strateji və taktiki müttəfiqimiz var və o, da qardaş Türkiyədir...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->