
Conatan adlı nəhəng tısbağanın 194 il yaşamasının səbəbi onun genetik xüsusiyyətləri ilə bağlı ola bilər. Alimlər dünyanın hazırda yaşayan ən yaşlı quru heyvanı hesab edilən tısbağanın DNT-sini araşdıraraq qocalma prosesi ilə əlaqəli bir sıra fərqli gen variantları aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, “Live Science” nəşrinin məlumatına görə, 1832-ci ildə doğulduğu ehtimal edilən Conatan Cənubi Atlantik okeanında yerləşən Müqəddəs Yelena adasında yaşayır. Aldabra nəhəng tısbağaları adətən 90 ilədək ömür sürür. Conatan isə bu göstəricini iki dəfədən çox üstələyib.
Tədqiqatçılar tısbağanın uzunömürlülüyünün mümkün səbəblərini müəyyənləşdirmək üçün onun genetik materialını və epigenetik markerlərini araşdırıblar. Bu markerlər DNT-də baş verən və genlərin fəaliyyətinə təsir göstərən kimyəvi dəyişikliklərdir.
Araşdırma zamanı Conatanın genetik materialı digər nəhəng tısbağaların genomları ilə müqayisə edilib. Nəticədə qocalma ilə əlaqəli 287 fərqli gen variantı müəyyən olunub. Onların arasında DNT-nin bərpasında və xromosomların uclarını qoruyan telomerlərin fəaliyyətində iştirak edən genlər də var.
Alimlərin diqqətini xüsusilə mitoxondrilərin fəaliyyəti ilə əlaqəli genlər cəlb edib. Tədqiqat zamanı Conatanın bu genlərindəki epigenetik dəyişikliklərin daha yaşlı nümayəndələrlə müqayisədə daha nizamlı olduğu müəyyənləşdirilib. Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyət genlərin fəaliyyətinin uzun müddət sabit qalmasına kömək edə bilər.
Araşdırmanın həmmüəllifi Stiven Klarkın sözlərinə görə, mitoxondrial genlərdə dəyişkənliyin aşağı səviyyədə olması və mitoxondrilərin ilkin vəziyyətinin qorunması uzunömürlülüyə təsir edən amillərdən biri ola bilər.
Bununla belə, alimlər hələlik aşkar edilən genetik xüsusiyyətlərlə Conatanın uzunömürlülüyü arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut edə bilməyiblər. Daha dəqiq nəticələr əldə etmək üçün onun qanı da daxil olmaqla əlavə bioloji nümunələrin araşdırılması planlaşdırılır.
Tədqiqatda iştirak etməyən ekspert Vinsent Linç də nəticələrə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb. Onun fikrincə, Conatanın uzunömürlülüyü hələlik tam izah olunmayıb və tısbağa sadəcə qocalma prosesinə qeyri-adi dərəcədə davamlı ola bilər.
Gələcək araşdırmalar mitoxondrial genlərin yalnız Conatanın deyil, digər Aldabra tısbağalarının və başqa heyvan növlərinin də uzunömürlülüyündə rol oynayıb-oynamadığını üzə çıxara bilər.
Aydın
