Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Arxeologiya İnstitutunun tədqiqatçıları qədim Efes şəhərində, dünyanın yeddi möcüzəsindən biri hesab edilən Artemida məbədinin yaxınlığında diqqətçəkən arxeoloji tapıntıya imza atıblar.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Childhood in the Past" jurnalında dərc olunub.
Alimlər qədim Roma dövrünə aid odeonun (konsert və ictimai toplantılar üçün istifadə olunan tikili) xarabalıqlarında yerləşən, uzun illər istifadəsiz qalmış ictimai tualetin kanalında iki körpənin qalıqlarını aşkar ediblər. İlk baxışda dəfn yeri qeyri-adi görünsə də, tədqiqatçılar bunun uşaqlara laqeyd münasibətin deyil, əksinə, onların xüsusi qayğı və ehtiramla dəfn edilməsinin göstəricisi olduğunu bildirirlər.
Məlumata görə, eramızın I əsrində tikilmiş odeona təxminən yüz il sonra ictimai tualet əlavə olunub. Sonradan baş verən yanğından sonra bina tərk edilib və əsrlər boyu tullantı sahəsi kimi istifadə olunub.
Məhz istifadəsiz qalmış kanalın içərisində daş və kirəmitlərlə hörülmüş kiçik qəbir aşkarlanıb. Körpələrin cəsədləri başqa yerdən gətirilmiş torpaq qatının üzərində yanaşı yerləşdirilib.
Tədqiqat müəllifləri Karolin Partio və Lilli Zabrananın sözlərinə görə, kanal təsadüfən seçilməyib. Çünki uzun illər istifadə olunmayan bu məkan qalıqları xarici təsirlərdən qoruyaraq min ildən artıq müddətdə yaxşı vəziyyətdə saxlayıb.
Sümüklər üzərində aparılan analizlər göstərib ki, hər iki körpə doğuş vaxtından təxminən altı həftə əvvəl dünyaya gəlib. Onların diri doğulduğu, yoxsa ana bətnində öldüyü isə dəqiq müəyyənləşdirilə bilməyib.
Alimlər körpələrin ehtimal ki, kəfənə bükülərək dəfn edildiyini bildirirlər. Bu isə onların son mənzilə böyük qayğı və hüznlə yola salındığını göstərir.
Araşdırma zamanı körpələrdən birində çox nadir rast gəlinən anatomik anomaliya – boyun fəqərəsindən çıxan əlavə qabırğa sümüyü də müəyyən edilib.
Mütəxəssislərin fikrincə, belə anomaliya adətən ciddi genetik və inkişaf pozğunluqları ilə əlaqəli olur və körpələrin ölüm səbəblərindən biri ola bilər.
Qalıqların ölçüsü və yaşı onların əkiz ola biləcəyini də göstərir. Arxeoloqlar qeyd edirlər ki, qədim dövrlərdə əkiz uşaqların doğulması nadir hadisə hesab olunurdu və vaxtından əvvəl doğuş ölüm riskini daha da artırırdı.
Tədqiqatçılar hesab edirlər ki, körpələrin qəbiristanlıqda dəfn olunmamasının səbəbi dövrün dini qaydaları ilə bağlı ola bilər.
Bizans dövründə Efesdə yalnız vəftiz olunmuş şəxslərin müqəddəs torpaqda dəfn edilməsinə icazə verilirdi. Körpələrin vəftizi isə adətən doğulduqdan bir neçə həftə sonra həyata keçirilirdi. Buna görə də daha əvvəl vəfat edən körpələrin qəbiristanlıqda dəfn olunması mümkün olmayıb.
Alimlərin fikrincə, qədim Artemida məbədinin yerləşdiyi ərazi sakinlər üçün dini və mənəvi əhəmiyyətini qoruyub saxladığından, həmin məkan alternativ dəfn yeri kimi seçilmiş ola bilər.
Tədqiqat müəllifləri bildirirlər ki, bu tapıntı qədim Efesdə dəfn adətləri, uşaqlara münasibət və insanların mənəvi dəyərləri barədə yeni məlumatlar əldə etməyə imkan yaradır. Onların fikrincə, qeyri-adi dəfn yeri valideynlərin körpələrinə laqeyd yanaşdığını deyil, əksinə, onları böyük kədər və qayğı ilə son mənzilə yola saldıqlarını göstərir.
Günay
Şərhlər