Çində məhkəmə Sıçuan vilayəti Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin keçmiş sədr müavini Sun Çaohuanı ölüm cəzasına məhkum edib. Cəzanın icrası iki il müddətinə təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsinin saytında məlumat yayılıb.
Qurumun məlumatına görə, Sun Çaohua 1993-2025-ci illərdə Sıçuan və Şansi vilayətlərində rəhbər vəzifələrdə çalışıb. O, xidməti mövqeyindən istifadə edərək şirkətlərə və ayrı-ayrı şəxslərə biznes fəaliyyətlərinin həyata keçirilməsində kömək edib. Qanunsuz əldə etdiyi vəsaitin ümumi məbləği 148 milyon yuanı, yəni təxminən 22 milyon dolları ötüb.
Məhkəmə qərarında bildirilir ki, Sun Çaohuanın əməlləri dövlətin və xalqın maraqlarına son dərəcə ciddi ziyan vurub. O, ömürlük siyasi hüquqlardan məhrum edilib, əmlakı və qanunsuz əldə edilmiş vəsaitdən götürdüyü gəlirlər müsadirə olunub.
Hökm çıxarılarkən məhkəmə təqsirləndirilənin günahını etiraf etməsini, peşman olduğunu bildirməsini və istintaqla fəal əməkdaşlıq etməsini nəzərə alıb. Bununla əlaqədar ölüm cəzasının icrası iki il müddətinə təxirə salınıb.
May ayında Çində keçmiş müdafiə nazirləri Li Şanfu və Vey Fenxe korrupsiyaya görə ölüm cəzasına məhkum ediliblər. Onların da cəzalarının icrası iki il müddətinə təxirə salınıb. Keçmiş nazirlər rüşvət almaqda təqsirli bilinib, siyasi hüquqlardan məhrum ediliblər və əmlakları müsadirə olunub.
Aydın
Şərhlər