XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Vahid məktəbli forması bullinqi azalda bilərmi? - Təhsil ekspertindən açıqlama
Ölkə16:11 22.09.2026

Vahid məktəbli forması bullinqi azalda bilərmi? - Təhsil ekspertindən açıqlama

Vahid məktəbli formasının tətbiqi ilə bağlı müzakirələr davam edir. Məktəbli formasının əsas məqsədləri sırasında şagirdlər arasında sosial fərqlərin görünüşdə minimuma endirilməsi, məktəb mühitində vahidliyin yaradılması və intizamın gücləndirilməsi göstərilir. Bununla yanaşı, məktəbli formasının şagirdlərin fərdi, sosial, dini və mədəni xüsusiyyətlərinə uyğunluğu, eləcə də onların psixoloji rahatlığına və təhsil prosesinə təsiri ilə bağlı suallar da gündəmdədir.

Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyə və məktəbdaxili münasibətlərə necə təsir edə bilər?

Təhsil eksperti Tuqay Rzazadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, məktəb mühitində və tədris prosesində əsas prinsiplərdən biri bərabərlikdir:

“Yəni sosial statusundan, ailənin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq, hər bir uşağın eyni şərtlər daxilində təhsil almaq hüququ var və onların hər biri bərabər imkanlara sahibdir. Bu, Konstitusiyada, eyni zamanda, “Təhsil haqqında” Qanunda da öz əksini tapıb. Ümumiyyətlə, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu o deməkdir ki, bütün şagirdlər üçün neytral və inklüziv təhsil prosesi yaradılmalıdır. Şagirdlər burada ilk növbədə təhsil sisteminin bir hissəsi olduqlarını və Azərbaycan vətəndaşı olduqlarını dərk etməlidirlər”.

Ekspert bildirib ki, vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və sağlam məktəb mühitinin təmin olunmasına xidmət göstərir:

”Eyni zamanda, şagirdlərdə kollektivə aidlik hissinin, yəni məktəbli olduqlarını hiss etmələrinin formalaşmasında da məktəbli formasının böyük əhəmiyyəti var. Uşaqların eyni parta arxasında oturarkən geyim baxımından bir-birindən fərqlənməməsi onların münasibətlərində də mühüm rol oynayır. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi və məktəblərdə vahid məktəbli formasının tətbiqi gələcəkdə bullinq kimi halların azalmasına da gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, məktəblərdə bullinq hallarının yaranmasının səbəblərindən biri də şagirdlərin ailələrinin maddi imkanları arasındakı fərqlərdir:

“Biz bilirik ki, məktəbdə təhsil alan şagirdlər cəmiyyətin müxtəlif sosial təbəqələrini təmsil edirlər. Burada imkanlı ailələrin övladları da var, maddi imkanları məhdud olan ailələrin övladları da. Bir çox hallarda sırf xarici görünüşə, xüsusilə də geyimə görə imkanlı ailələrdən olan şagirdlər maddi imkanları məhdud olan şagirdlərə psixoloji, bəzi hallarda isə fiziki təzyiq göstərə bilirlər. Bu kimi halların qarşısının alınması baxımından düşünürəm ki, vahid məktəbli formasının tətbiqi müsbət yanaşmadır”.

Tuqay Rzazadə hesab edir ki, geyim kodeksinə riayət olunması məktəblərdə valideyn-məktəb və valideyn-müəllim əməkdaşlığının güclənməsinə də töhfə verə bilər:

“Geyim kodeksinə riayət olunması məktəblərdə valideyn-məktəb və valideyn-müəllim əməkdaşlığının güclənməsinə də töhfə verəcək. Hesab edirəm ki, bu, müəllimlərin və valideynlərin işini də müəyyən qədər asanlaşdıracaq. Çünki valideynlər bəzi hallarda övladlarının digər uşaqlardan geri qalmaması üçün maddi baxımdan çətinlik çəkirdilər və ya “Nə edim, necə edim?” sualı ilə qarşılaşırdılar. Bu vəziyyət bir çox hallarda şagirdlərdə psixoloji sarsıntıya da səbəb olurdu. Artıq bütün şagirdlərin eyni formada geyinməsi onların bir-birindən xarici görünüş baxımından fərqlənməsinin qarşısını alacaq. Bununla da şagirdlərin əsas diqqəti tədris prosesinə yönələcək və onlar “Tədris prosesində necə daha uğurlu ola bilərəm?” sualına fokuslanacaqlar”.

Şəbnəm İbrahimxəlilova