Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.
Qaynarinfo-nun "Unikal"a istinadən məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə iş adamından şikayət edən və hazırda həbsdə olan Emil Səməndərov komvoyun müşayəti ilə prosesə gətirilib.
Tanınmış iş adamı İsfəndiyar Axundov da prosesdə iştirak edib.
Prosesdə İsfəndiyar Axundovun Emil Səməndərovun ünvanına söylədiyi ifadələrin yenidən ekspertizaya göndərilərək rəy verilməsi ilə bağlı vəsatətlər təqdim edilib.
Xüsüsi ittiham qaydasında təqsirləndirilən İsfəndiyar Axundov isə zərərçəkən tərəfdən ondan tələb olunan 5 milyon manat məbləğə etirazını bildirib. İş adamı ona qarşı irəli sürülən iddia tələbini əsassız sayıb.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Şərhlər