Xəbər lenti

Texnologiya 13:04 06.06.2025

"Microsoft"da "inqilab": Rəhbərlikdə radikal dəyişikliklər

"Microsoft" daxilində mühüm struktur dəyişiklikləri baş verib. 

Qaynarinfo xəbər verir ki, şirkət "LinkedIn"in baş direktoru (CEO) olan Rayan Roslanskini yeni səlahiyyətlərlə təltif edərək "Office" tətbiqlərinin də idarəçiliyini ona həvalə edib. Bu addım "Microsoft"un məhsuldarlıq və süni intellekt sahələrində daha inteqrasiya olunmuş bir ekosistem qurmaq strategiyası çərçivəsində atılıb.

2020-ci ildə, o dövrdə "LinkedIn"in Qlobal Məhsullar üzrə rəhbəri olan Roslanski Ceff Vaynerin yerinə CEO təyin olunmuşdu və birbaşa "Microsoft"un baş direktoru və İdarə Heyətinin sədri Satya Nadellaya hesabat verirdi.

CNBC-nin xəbərinə görə, Satya Nadella şirkət işçilərinə göndərdiyi daxili məktubla bu yeni dəyişiklikləri elan edib. Yeni strukturda Roslanski artıq təkcə "LinkedIn" deyil, eyni zamanda "Microsoft"un "Office" məhsulları - "Word", Excel", "PowerPoint", "Outlook" və "Microsoft 365 Copilot" kimi əsas tətbiqləri də idarə edəcək.

Bu əlavə vəzifələrə görə Roslanski "Microsoft"un Təcrübələr + Qurğular (E+D) bölməsinin baş icraçı müavini Raceş Cahaya hesabat verəcək. Lakin LinkedIn-in baş direktoru olaraq Nadellaya hesabat verməyə davam edəcək.

Əsas dəyişikliklərdən biri də "Business & Industry Copilot" komandasında baş verib. "Power Platform", "Dynamics 365" və "Copilot Studio" kimi məhsullara rəhbərlik edən bu komandanın korporativ vitse-prezidenti Çarlz Lamanna artıq Raceş Cahaya tabe olacaq. Qeyd edək ki, bu komanda əvvəlcə "Cloud + AI" bölməsi daxilində Skott Qatrinin rəhbərliyi altında fəaliyyət göstərirdi.

Yenidənqurma nəticəsində "Cloud + AI" bölməsi əsasən "Azure" bulud platforması və əsas süni intellekt texnologiyaları üzərində fokuslanacaq. Skott Qatrinin komandası artıq yalnız "Azure", generativ süni intellekt həlləri və "SQL Server" kimi məlumat platformaları ilə məşğul olacaq.

Digər tərəfdən, "Microsoft"un məhsuldarlıq və biznes tətbiqləri Rajeş Janın rəhbərlik etdiyi vahid struktur altında birləşdirilərək məhsullar arasında daha sıx inteqrasiyanın təmin edilməsi hədəflənir.

"Microsoft" daxilindəki mənbələrin bildirdiyinə görə, bu yenidən təşkilatlanma son işçi ixtisarları fonunda həyata keçirilir və şirkətin strateji fokusunu daha da dəqiqləşdirmək məqsədi daşıyır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->