İlon Maskla Donald Tramp arasında yaranmış qarşıdurma "SpaceX" şirkətinin təxminən 22 milyard dollar dəyərindəki dövlət müqavilələrini təhlükə altına salıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Məqalədə bildirilir ki, ABŞ-ın bir çox kosmik proqramları, Maskla Tramp arasında baş qaldıran və tezliklə nəzarətdən çıxan düşmənçiliyin nəticəsində ciddi dəyişikliklərlə üzləşə bilər. Qarşıdurma ötən həftə Maskın Trampın vergi və xərcləri azaltmaq təşəbbüsünü tənqid etməsi ilə başlayıb. Tramp isə buna cavab olaraq Maskın şirkətləri ilə olan dövlət müqavilələrini ləğv etməklə hədələyib. Mask isə cavabında, NASA tərəfindən istifadə edilən "SpaceX"ə məxsus "Dragon" kosmik gəmisini istismardan çıxaracağını bildirib.
"Reuters"in yazdığına görə, təxminən 5 milyard dollar dəyərində olan bu müqaviləyə əsasən, "Dragon" - ABŞ-ın astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparıb-gətirə bilən yeganə kosmik gəmisidir. Bu isə Maskın şirkətini Amerika kosmik proqramının kritik elementi halına gətirir.
"Düşmənçilik belə bir sual doğurur: keçmişdə də dövlət satınalmalarına müdaxilə edən və tez-tez gözlənilməz davranışlar sərgiləyən Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər?”, deyə məqalədə qeyd olunur.
Əgər Tramp siyasi intiqam məqsədilə NASA və Pentaqonla olan milyardlarla dollarlıq müqavilələri ləğv edərsə, bu, ABŞ-ın kosmik inkişafını yavaşıda bilər.
Bu mübahisə, ABŞ prezidenti ilə sənaye nəhəngi arasında əvvəllər mövcud olan əməkdaşlığı da məhv edib. Bu əməkdaşlıq SpaceX üçün Marsın tədqiqi proqramı, kosmosda nəhəng raket əleyhinə qalxan qurulması kimi bir sıra əsas üstünlüklər gətirmişdi.
Məqalədə qeyd olunur ki, əgər "Dragon" istismardan çıxarılarsa, bu addım 20 il əvvəl imzalanmış beynəlxalq razılaşma çərçivəsində onlarla ölkənin iştirak etdiyi BKS proqramını poza bilər. Amma bu qərarın nə qədər tez reallaşacağı bəlli deyil. NASA hazırda ehtiyat variant kimi ruslara məxsus "Soyuz” gəmisindən istifadə edir.
Xatırladaq ki, daha əvvəl Tesla şirkətinin səhmlərinin də kəskin şəkildə ucuzlaşdığı bildirilmişdi. Bu, ABŞ prezidenti Donald Tramp və İlon Mask arasında yaranan açıq qarşıdurmadan sonra baş verib. Şirkət bazar dəyərində təxminən 150 milyard dollar itirib.
Trampla Mask arasında açıq mübahisə cümə axşamı alovlanıb. Tramp bəyan edib ki, Maskın dəstəyi olmasa belə, o, prezident seçkilərində qalib gələrdi.
Bundan əvvəl isə, Maskın Trampın büdcə layihəsinə yönəltdiyi tənqidlərin Trampı narazı saldığı qeyri-rəsmi şəkildə məlum olmuşdu.
Alpər
Şərhlər