Bu gecə Ukrayna Müdafiə Qüvvələri təcavüzkar dövlətin Ukraynaya qarşı terror məqsədilə istifadə etdiyi Rusiya obyektlərinə uğurlu zərbələr endirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" sosial şəbəkəsində yaydığı məlumatda deyilir:
"Ukrayna Müdafiə Qüvvələri qabaqlayıcı zərbə endirib. Düşmənin kütləvi raket hücumundan əvvəl onun aviasiyasının yerləşdiyi aerodromlara və digər mühüm hərbi obyektlərə zərbələr endirilib”, deyə məlumatda bildirilir.
Xüsusilə, iyunun 6-na keçən gecə Saratov vilayətində yerləşən və daha əvvəl SBU əməliyyatından sonra düşmən aviasiyasının toplandığı ərazi sayılan "Engels” aerodromuna uğurlu zərbə endirilib.
Həmçinin Rusiya Hava Qüvvələrinin strateji bombardmançıları, havadan yanacaq dolduran təyyarələri və müşayiətçi qırıcılarının bazalaşdığı Ryazan vilayətindəki "Dyagilevo” aerodromuna da zərbə endirilib. "Ryazan vilayətində düşmənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti qeydə alınıb. Hədəf ətrafında yanğın barədə məlumat var. Nəticələr dəqiqləşdirilir”, deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, Saratov vilayətində azı üç yanacaq-sürtgü materialı çəninə zərbənin dəydiyi, bunun nəticəsində obyektin ərazisində yanğın və böyük miqyaslı partlayışların baş verdiyi təsdiqlənib.
"İşğalçıların fövqəladə xidmətləri yanğını lokallaşdıra bilməyib, ərazidə güclü tüstülənmə müşahidə olunur. Hədəflər istiqamətində onlarla partlayış qeydə alınıb. Zərbələrin nəticələri dəqiqləşdirilir”, – məlumatda deyilir.
Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının ərazisində və müvəqqəti işğal olunmuş Ukrayna bölgələrində düşmənin bir sıra mühüm obyektlərinə zərbələr endirib.
Xüsusilə, Kursk vilayətinin Kulbaki yaşayış məntəqəsi yaxınlığında Rusiya Ordusunun 72-ci motoatıcı diviziyasının 30-cu motoatıcı polkunun logistika məntəqəsinin məhv edildiyi qeyd olunub. Zərbənin nəticələri dəqiqləşdirilir.
Baş Qərargah dəqiqləşdirir ki, bu əməliyyatlarda Ukrayna Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri, eləcə də Müdafiə Qüvvələrinin digər qurumları iştirak edib.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölmələri Rusiya Silahlı Qüvvələrinin strateji aviasiyasına məxsus "Engels” şəhərindəki neft bazasına endirilmiş zərbənin detallarını açıqlayıb. Uzaqmənzilli zərbələr Saratov vilayətindəki "Engels-2” hərbi aerodromuna və onun yaxınlığında yerləşən "Kristal Kombinat” adlı neft bazasına endirilib.
"Hədəf ərazisində azı 15-20 partlayış qeydə alınıb. Telegram-da yayımlanan foto və videolar, "Kristall” ərazisində azı üç yanacaq çəninə zərbə dəydiyini təsdiqləyir. Rusiya FHN bu genişmiqyaslı yanğını lokallaşdıra bilməyib. Bundan başqa, obyektin fəaliyyətini təmin edən elementlərin də vurulduğu məlumdur”, deyə məlumatda bildirilir.
Qeyd edilir ki, "Kristal Kombinat” strateji obyekt olub, "Engels-2” aerodromu üçün benzin, dizel və aviasiya yanacağının saxlanma bazası kimi istifadə olunur.
"Bu, 2025-ci ilin əvvəlindən bəri bu obyektə Ukraynanın pilotsuz sistemləri tərəfindən endirilmiş üçüncü uğurlu zərbədir”, deyə əlavə olunur.
Bundan əlavə, Ukrayna pilotsuz sistemlərinin operatorları Kursk vilayətində düşmənin daha bir logistika məntəqəsini, habelə müvəqqəti işğal olunmuş Xerson vilayətində yerləşən PUA anbarı və təmir bazasını atəşə tutublar. Bu zərbələrin nəticələri dəqiqləşdirilir.
Rusiya aerodromlarına zərbələr
Səhər saatlarında "Engels” hərbi aerodromunun yaxınlığındakı yanacaq bazasına zərbə endirilib. Həmçinin Ryazan vilayətindəki "Dyagilevo” aviabazası və Tambov vilayətindəki aviasiya elektronikasının istehsalı zavodu da hücuma məruz qalıb.
Bundan əvvəl, iyunun 1-də SBU "Hörümçək toru” (Паутинa) adlı xüsusi əməliyyatı uğurla həyata keçirmişdi. Bu əməliyyat nəticəsində Rusiya Federasiyasının dörd aerodromunda strateji aviasiya təyyarələri vurulmuşdu.
Alpər
Şərhlər