Xəbər lenti

Futbolçu psixi problemlərə görə karyerasını dondurdu
İdman 18:47 17.02.2024

Futbolçu psixi problemlərə görə karyerasını dondurdu

"Levante"nin qadın komandasının 24 yaşlı yarımmüdafiəçisi Anna Torroda futbolu qeyri-müəyyən müddətə tərk etdiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, o bu addımı psixi sağlamlığının qayğısına qalmaq üçün atdığını bildirib. 

Torro, sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada, "İdman dünyasında bu tip problemlərdən danışmaq getdikcə daha az tabu olur və bir çox idmançı yenidən xoşbəxtlik tapmaq üçün fiziki fəaliyyətini müəyyən müddət kənara qoymalıdır. Sonda xoşbəxtliksiz idman, topsuz futbol oyununa bənzəyir, mənasızdır. Bu müddət ərzində məni dəstəkləyən və hörmət göstərən bütün insanlara təşəkkür edirəm. Mənim insan olmağım üçün əllərindən gələni əsirgəmədiklərinə görə, komanda yoldaşlarıma, kluba, məşqçilər korpusuna, psixoloqlara və tibbi heyətə, ailəmə, dostlarıma təşəkkürlərimi çatdırıram. Mən şanslıyam! Uzun müddət düşündükdən sonra qeyri-müəyyən müddətə idman fəaliyyətimi dayandırmaq qərarına gəldim. Asan olmasa da, ən yaxşı qərarı verdiyimə əminəm. Futbol mənim üçün həmişə hər şey olub və olacaq, amma özümə diqqət yetirmək vaxtı çatıb. Özünüzə üstünlük vermək həmişə ən yaxşı seçimdir. Çox sağ olun!" - ifadələrinə yer verib.

"Levante"nin açıqlamasında isə, futbolçuya "Həmişə səninləyik və yanındayıq, Torro!" - sözləri ilə cavab verilib.

İspaniyalı futbolçu ötən ilin yayında "Valensiya"dan "Levante"yə gəlib və burada üç mövsüm keçirib. O, 11 liqa matçında, iki Superkubokda və bir dəfə Çempionlar Liqasının seçmə mərhələsində iştirak edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->