Xəbər lenti

Sənət 11:52 06.04.2021

"Gəlin gedək Qarabağa": Qarabağ həsrətilə ədəbiyyətə qovuşan ömür

İstedadlı yazıçı jurnalist Ziyəddin Sultanov 1952-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sovetlər birliyi dövründə "Kommunist” son illər isə "Xalq qəzeti”-nin Qarabağ bölgəsi üzrə müxbir kimi fəaliyyət göstərmişdir. Z.Sultanov Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına və əldə etdiyi yaradıcılıq uğurlarına görə "Qızıl qələm”, Zərdabi adına "Dan ulduzu” , "Araz”, Ali ədəbi mükafatlara layiq görülmüşdür. 

Bədii publisistika sahəsində böyük uğurlar qazanan yazıçı, jurnalist Z.Sultanov indiyə kimi oxuculara "Məni də sevən var”, "Ömür keçdi gün keçdi”, "Qarabağ gündəliyi”, "Qarabağın qara günləri”, "Xocalı faciəsi”, "Ağdərədən gələn var”, "Burdan bir atlı keçdi”, "Kəklik”, "Bir qonağam bu dünyada”, "Əsirlər, girovlar, itkilər”, "Qarabağ müharibəsi: faktlar... hadisələr... düşüncələr...”,  "Gəlin gedək Qarabağa”, "Göylərdən gələn gəlin” kitablarını təqdim etmişdir.

Göründüyü kimi yaradıcılığının əsas mövzusu Azərbaycanımızın dillər guşəsi olan Qarabağla bağlı olmuş, mənfur erməni cəlladlarına kəskin nifrəti və qəzəbi bu əsərlərdə öz ifadəsini tapmışdır. 

İşğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına böyük ümidlərlə baxan Z.Sultanov bu yolda yorulmadan öz qələmini süngüyə çevirərək mübarizə aparmış, eyni zamanda
birinci Qarabağ savaşı dövründə yazıçı-jurnalist kimi bütün cəbhə bölgələrində olmuş, qəddar və amansız düşmənlərimizin insanlığa və insana qarşı törətdikləri vəhşiliklərin canlı 
şahidi olmuşdur. Lakin amansız ölüm Z.Sultanovun böyük ümidlərini və arzularını yarımçıq qoydu.

Daima qəlbi doğma Azərbaycanımızla, Qarabağımızla döyünən Z.Sultanov 2020-ci il avqust ayının 11-də əbədiyyətə qovuşdu.

Yuxarıda adlarını çəkdiyimiz əsərlərindən göründüyü kimi Qarabağ müharibəsi Z.Sultanovun yaradıcılığında xüsusi bir yer tutur. Müəllif hadisələr başlanan gündən ölümünə qədər əvvəllər "Kommunist” sonra isə "Xalq qəzeti” nin bölgə müxbiri kimi Qarabağda olmuşdur. Müəllifin son dövrlərdə qələmə aldığı ”Gəlin gedək Qarabağa” əsəri bədii publisistikamızın çox qiyməıtli tarixi bir əsəridir. Sanki müəllifin ürəyinə danmışdı ki bu tezliklə doğma torpaqlarımız işğaldan azad olunacaq, insanlar öz yurd – yuvasına qayıdacaq.

Qeyrətli vətən övladlarının azadlıq, istiqlaliyyət uğrunda mübarizəyə qoşulmaları, xalqımızın müstəqilliyini istəməyən xarici havadarların köməyi ilə torpaqlarımızın azğın düşmənlər tərəfindən işğalı, döyüşlərdə qəhrəmancasına həlak olan oğul və qızlarımızın ibrətamiz ömür yolu, ömrünün ixtiyar çağında elindən, obasından didərgin düşüb çadır şəhərciklərinə sığınan soydaşlarımızın ürək göynədən taleyi "Gəlin gedək Qarabağa” kitabında toplanmış bədii publisist yazıların başlıca mövzusudur. Kitabda toplanmış yazılar ağrılı – acılı günlərimizin yaddaş səlnaməsi kimi gələcək tədqiqatçılara, şairlərə, yazıçılara zəngin faktlar və mövzular verə biləcək qiymətli nəşrlərdir.

Z.Sultanov çağdaş ədəbiyyatımızda bədii publisistikanın yaradıcılarındandır. Onun elə bir əsəri yoxdur ki, orada bədiilik, obrazlılıq və sənətkarlıq aparıcı mahiyyət daşımasın.

Bədii publisistika çağdaş ədəbi mərhələyə təkcə zamanın aktual problemlərini bədii həqiqətə çevirməklə daxil olmur. Müasir  publisistika problematika zənginliyi ilə seçilir. Zamanın sosial, siyasi, əxlaqi – mənəvi və fəlsəfi problemləri janrın bədii təhlil predmeti olur. Lakin özlüyündə aydındır ki, nə mövzunun aktuallığı və müasirliyi, nə də onun problematika vüsəti bədiiliyin həlledici meyarı ola bilməz. Bütün bu keyfiyyətlər spesfik forma daxilində, mükəmməl kompozisiya və süjetdə inikas predmetinə çevriləndə ədəbi prosesdə yeri olan əsər yaranır. Gündəlik ədəbi qeydlər janrında yazılmış bu əsər forma etibarı ilə çağdaş ədəbi prosesdə  mühüm yer tutur. Belə ki, yazıçının sənətkar bacarığı və istedadı ondadır ki, əsərdə təsvir olunan hadisələri nə bir povestə, nə də bir romana yerləşdirməyin mümkünsüzlüyünü bilmiş, yüzlərlə povest və roman mövzularını əhatə edən və gələcəkdə Qarabağ mövzusunda yaranacaq bədii əsərlərin süjet xəttini müəyyənləşdirən yeni bir ədəbi forma ("Cəbhə xatirələri və gündəlikləri”) seçmişdir ki,bu da əsərin yeniliyini, bədiiliyini, tarixiliyini və müasirliyini şərtləndirən əsas cəhətlərdir.

Fikrimi bu barədə bir az da sadələşdirib oxuculara şatdırmaq istəyirəm ki, Z.Sultanovun "Gəlin gedək Qarabağa” əsəri müsir ədəbi prosesdə janrın bu istiqamətdəki axtarışlarının məhsulu kimi diqqəti çəkir. Əsəri Qarabağ mövzusunda yazılmış 143 gündəlik kimi də oxumaq olar. Lakin ayrı – ayrı süjet xətti və kompozisiyası olan bu gündəliklərin struktur və mahiyyət müstəvisində sona qədər dərki  əsəri bütövlükdə bir birini izləyən 143 bədii əsərlər silsiləsindən ibarət bütöv bir əsər kimi qavramağa imkan verir, əsərin ideya estetik bütövlüyünü şərtləndirir.

Mürəkkəb konstruksiyalı süjetlərin birləşərək vahid bir süjetinin "Qarabağ hadisələrinin tarixi və bədii əksi”, "Gəlin gedək Qarabağa” əsərindəki təcəssümü ənənəyə yaradıcı münasibətin təzahürü kimi mənalana bilər.

Bu formanı həm də bədii materialın zənginliyi doğurmuş və müəllifin, onu narahat edən məsələləri, ürəyində düyünlənib qalan hissləri, beyninə rahatlıq verməyən düşüncələri, fərqli məkan və zamanlarda, müxtəlif insan talelərində, mürəkkəb situasiyalarda ifadə etmək istəyindən qaynaqlanmışdır.

Hadisələri əvvəldən axıra qədər xronoloji ardıcıllıqla verməyə çalışan müəllifin əsas amalı bu olub ki, içindəki ağrıları, özünün və bütün şəhid valideynlərinin yaşantılarını, onların faciəli həyatını oxuculara çatdıra bilsin. Müəllifin əsas amalı olan bu hiss əslində onun vətəndaşlıq məsuliyyətindən doğan narahatçılığının ifadəsidir və 143 müxtəlif və müstəqil süjet xəttinə malik gündəlikləri, Qarabağ faciəsi üzərinə dönə - dönə qayıtmasının təzahürüdür.

Əsəri yazarkən müəllifin üzərinə təkcə özünün  və öz el obasının içindəki ağrıları deyil, Azərbaycan xalqının  və dünya Azərbaycanlılarının "Qarabağ ağrısı” nı ifadə etmək və erməni vəhşiliklərini bütün bəşəriyyətə çatdırmaq misiyası düşmüşdür.

Bu baxımdan Z. Sultanovun cəbhə gündəlikləri mövzusunda qələmə alınmış bu əsəri böyük tarixi əhəmiyyətə malik olmaqla yanaşı, tarixi həqiqətlərin bədii əksinə çevriləcək yeni- yeni, istər tarixi, istərsə də bədii əsərlərin, o cümlədən, tarixi romanlarımızın yaranması üçün hazır material və mənbədir. Belə ki, əsərdə verilmiş tarixi fakt və rəqəmlər, məsələn: Xocalı faciəsində şəhidlərin sayı 613, əsir düşənlər 1275 nəfər, 8 ailənin tamam məhv edilməsi, 25 uşaq, 107 qadının qətli, 600 – nəfərin don vurması və s. bu kimi tarixi faktlar böyük elmi əhəmiyyət kəsb edir.

Z.Sultanov əsərində bu həqiqətləri tarixə çevrib gələcək nəsillərə ötürməklə indiki gənclikdə vətənpərvərlik, qəhrəmanlıq, düşmənə qarşı barışmazlıq və nifrət hissi aşılamağa çalışmışdır.
Əsərin elmi əhəmiyyətini şərtləndirən əsas cəhətlərdən biri də işğal olunmuş, və bu gün işğaldan azad olunmuş ərazilərimizdəki toponimlərin, yer adlarının, çaylarımızın, dağlarımızın, bulaqlarımızın, yaylaqlarımızın, şəhər və kəndlərimizin adlarının verilməsidir ki, bu da gələcək nəsillər üçün əsas örnəkdir.Təbii ki,erməni qəsbkarları döğma yurdlarımızın adlarını dəyişməyə və özününküləşdirməyə çalişmışlar.Kiitabda verilmiş”Yelli gədik”, "Ala göllər”, "Sarıyer yaylağı”, "Zoğallı körpü” "Zülfüqarlı kəndi”, "Bağlıpəyə”,"Umudlu”,”Taxta düzü” ”Gəlin qayası”,"Ceyran bulağı” "Dəlidağ”, "Nəsir düzü”, "Qiblə bulağı, " ”Qoşabulaq”, "Mənəş”,  "Buzluq” "Qozlu körpü” və s kimi sadalamaqla qurtarmaq bilməyən toponimlərimizin yazıya alınıb gələcək nəsillərə çatdırılması, bu adların əbədiləşdirilib tarixə salınması yaradıcılığının zirvə nöqtəsidir.

Z. Sultanovun bu əsəri bədilik, tarixlik və müasirlik baxımından böyük əhəmiyyət kəsb edir. Kitabda verilmiş tarixi həqiqətlər realist üslubda oxuculara çatdırılsa da, müəllif demək olar ki, bütün əsərlərində oxucu qəlbini riqqətə gətirmək, Qarabağımızın təkrarolunmaz təbiətinin füsünkar gözəlliklərini tərənnüm etmək üçün obrazlı söz və ifadələrdən, bədi təsvir vasitələrindən bacarıqla istifadə etmiş, bədii publisistikamızı zənginləşdirimişdir. Müəllif Qarabağın hər bir kəndi, dağı , dərəsi, çayı, bulağı, elat camaatının adət ənənələri haqqında, xüsusən təbiət təsvirlərində canlı lövhələr yaratmışdır:

"Elat dağlara qalxırdı. Buz bulaqların başında alaçıqlar qurulurdu, İstisuda, Turşsuda, Dəlidağda, Gəlin Qayasında, Minkənddə insan əlindən tərpənmək olmurdu. Saz havaları, qədim el mahnıları Tərtərin, Həkərinin çoşğun sularına qarışıb başı qarlı dağlara yayılırdı. Çoban qardaş bərəkətli sürüləri dağların döşünə yayırdı. Alaçığın  qabağında tərəkəmə qadınları nehrə çalxayır, motal tutur, payız-qış mövsümünə hazırlıq görərdilər”.

Budur sözlər vasitəsilə canlı töhvə yaratmaq. Sanki tərəkəmə, elat camaatının həyat tərzi, adət ənənəsi, onlara məxsus bütün incəlikləri əks etdirən bədii lövhə.

Bədii dildən səmərəli istifadə və onu obrazlı ifadəyə çevirmək bacarığı Z. Sultanovun yaradıcılığının istedadı, istəyi, arzusu ilə deyil, həm də onun dünyağörüşü, ictimai-estetik, məramı, xalq dilinə olan dərin məhəbbəti, milli qeyrəti, zövqü və bütünlükdə sənətkarlıq qüdrətilə bağlı olan bir məsələdir.

Həyat lövhələrini, insanların ömür yolunu, onların mənəvi dünyalarını, sevgilərini, dərdlərini,ağrılarını, psixologiyasını, xarakterini bədii boyalarla əks etdirmək üçün sənətkar müxtəlif təsvir və ifadə vasitələrindən bəhrələnməlidir. Bu baxımdan Z. Sultanovun yaradıcılığında  bədii təsvir və ifadə vasitələrindən, xüsusan epitet, təşbeh, metafora və təzadlardan istifadə bədiiliyin və obrazlılığın əsas elementləri  kimi diqqəti cəlb edir. Məs.:

"Havadan qar ətri gəlir”.
"Dağlar dilə gəlir”.

"Dağlar yenə gözəllik səltənətinə bürünüb. Bahar suları coşğun nəğmələr oxuyur, torpaq sinəsinə sərdiyi yaşıl xalı ilə minbir çiçəklə, güllə dil açıb danışır” və s. kmi metaforik ifadələr əsərin bədiliyini və obrazlılığın artırmaqla yanaşı oxucu  qəlbini riqqətə gətrib Qarabağ təbiətini göz önündə canlandırır.

Məlumdur ki, Azərbaycan ədəbiyyatının özündə də dağ ən çox şair və yazıçılarımızın müraciət etdikləri və bədii obraz səviyyəsinə qaldırılmış mövzulardan biridir.

Z. Sultanov nəinki  bu əsərində, bütün yazılarında dağ mövzusuna daha geniş prizmadan yanaşmış və bədii obraz  səviyyəsinə qaldırılmışdır.

- "Dağlara qış gəlir”
- "Sarıyerdə hadisə”
- "Yollar  Mrovun zirvəsindən keçir”
- "Duman gəl get bu dağlardan”
- "Dağlar dilə gəlir”
- "Dağlarda faciə”
- "Dəlidağın qoynunda”
- "Dağlar da narahatdır”
- "Üzü dağlara sarı”
- "Üzü bəri baxan dağlar”

və s. kimi mövzuda yazılmış bədii publisist əsərlər dediklərimizə əyani sübutdur.

"Gəlin gedək Qarabağa” əsərində verilmiş 143 bədii publisist əsərlər silsiləsinin "Qalx ayağa Azərbaycan əsgəri” adlı son hissəsində müəllifin düşmənə olan nifrətinin necə aşıb- daşdığını görür, döğma Qarabağımızın, işğal olunmuş bütün torpaqlarımızın azad olunması üçün Vətən oğullarını səfərbər olmağa çağırdığının şahidi oluruq.

Ruhun şad olsun Ziyyədin müəllim illər öncə sənin etdiyin çağırış  Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandan İ. Əliyevin uzaqgörən siyasəti, dəmir yumuruğu, polad iradəsi və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində həqiqətə çevrildi. Artıq həsrətlə, kədərlə yazdığınız  Qarabağ işğaldan azad olunmuşdur.  Qələmini bu yolda yorulmaq bilmədən süngüyə çevirib mübarizə aparan, vətənpərvər prinsipial, yazıçı jurnalist, bədii publisistikamızın xalqımızın görkəmli nümayəndəsi, həmişə hörmətlə yad edilib qəlbimizdə yaşayacaq  Ziyəddin Sultanov, indi artıq sənin ruhun azad olunmuş, vaxtilə sənin işlədiyin Xankəndində, Şuşada, Ağdamda, Kəbəcərdə, Laçında və bütün işğaldan azad olunmuş torpaqlarımızda gəzir. Məkanın cənnət, ruhun şad olsun Ziyəddin müəllim.
 
Vaqif ALLAHVERDİYEV, 
ADPU-nun Agcabədi filalının dosenti

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->