Xəbər lenti

Getman rusların paxırını necə açdı?
Amal Abuşov
İdman 14:12 02.07.2023

Getman rusların paxırını necə açdı?

Bizim rəhmətlik İdris müəllim var idi. Deyirdi ki, heç vaxt yalan danışmayın, bir yalanın üstünü ört-basdır etmək üçün ondan sonra gərək daha 40 dəfə yalan uydurasan. İllər keçib, İdris müəllimin qızıldan qiymətli o sözləri qulağımdan sırğa kimi asılıb...

Sankt-Peterburqda keçirilən turnir çərçivəsində "Neftçi”nin Rusiya çempionu "Zenit”ə qarşı oyununa baxıram. Qarşılaşmadan əvvəl rus şərhçilər min bir vəchlə çalışırdılar ki, keçirilən turnirin səviyyəsinə tərif yağdırsınlar. Vəziyyət təxminən beləydi: "Komandalar stadiona böyük avtobuslarla gəldilər”, "Neftçi”nin heyətində xeyli legioner var, əməlli-başlı ciddi rəqibdir”, "Baxın, oyunda VAR sistemi olacaq, çox ciddi turnir keçirilir”, "Siz hələ "Zenit”in digər rəqiblərinə diqqət yetirin, demək olar ki, Sankt-Peterburqda Avropa Liqasının qrup mərhələsinin görüşlərinə baxacağıq, rəqiblər hamısı o səviyyədədir”. Bu cür nümunələrin sayını artırıb, görüşün rus şərhçilərindən xeyli sitatlar gətirə bilərəm.

Sanki adamlar özləri yalan danışdıqlarının fərqində idilər. "Yuxarıdan” gələn tapşırıq belə olmuşdu ki, turnirin tərifini göyə qaldırıb, səviyyəli yarış görüntüsü yaratmaq lazımdır. Gözünə döndüyüm Georgiy Çerdançev də "barıtı” bir az çox edirdi. Bu yerdə də mən rəhmətlik İdris müəllimin həmin sözlərini xatırladım. Düşündüm ki, ruslar bir yalan danışıb, indi o yalanı həqiqət kimi insanlara sırımaqdan ötrü digər yalanlar uydurur, onları muncuq kimi bir-birinin ardınca düzməyə çalışırlar. Veclərinə deyil ki, onlara qulaq asanlar həmin yalanlara inanırlar, ya yox.

UEFA məlum hadisələr üzündən Rusiyanı Avropanın futbol ailəsindən uzaqlaşdırıb. Belədə Rusiya klubları da avrokubokların üzünə həsrət qalıblar. Çempionlar Liqasının xiffətini çəkən "Zenit” idman telekenalının təşkilatçılığı, mərc şirkətinin də dəstəyi ilə Türkiyədə 2-ci yeri tutan "Fənərbaxça”nı, Azərbaycanda 3-cü olan "Neftçi”ni Rusiyaya dəvət edib, onların xərclərini də üzərinə götürüb. Təki özlərinə bir dünya, yəni avrokubokları xatırladan turnir keçirə bilsinlər. Məlum məsələdir ki, çempion olan komanda gücünü çempionlarla sınamaq istəyər. Belədə keçirilən turnir də bir qədər samballı görünər. Rusiyanın futbol funksionerlərinin gücü heç Azərbaycanın ikinci komandası "Sabah”ı belə Sankt-Peterburqa gətirməyə çatmayıb. Halbuki, bu komandanın baş məşqçisi də rusiyalı mütəxəssisdir. Kim bilir, bəlkə də, ruslar evlərinin içində uduzub, biabır olmamaqdan ötrü güclü rəqiblər arzulamayıblar?! 

İş ondadır ki, bu turnirin ciddi və səviyyəli bir yarış olduğuna heç "Zenit”in legionerlərini də inandırmaq olmayıb. Onlar turnirin hazırlığına qatılmayıb, "Neftçi”ylə oyuna qədər komandanın düşərgəsinə qoşulmağı lazım belə bilməyiblər. Elə bu səbəbdən də "Zenit”in dünənki oyundakı heyəti xeyli qarışıq alınmışdı, bir çox futbolçular gənc və təcrübəsiz idilər. Bu görüntü heç də turnirin ətrafındakı təbliğata, hay-küyə yaraşmır. Özləri camaatı inandırmağa çalışırlar ki, keçirdikləri yarışın səviyyəsi avrokuboklara bərabədir, amma "Zenit” özü meydana əvəzedici heyətin üzvlərini buraxır. Lap yalançı çobanın məsəlində olduğu kimi. Belə yerdə ruslara kim inanar?

Amma ruslara ən böyük zərbəni "Neftçi”nin məşqçisi İqor Getman vurdu. Oyuna start heyətdə başlayan xorvat qapıçı İvan Brkiç yerini Aqil Məmmədova buraxıb, meydanı tərk etdi. "Zenit”in vurduğu qollardan ikisini tordan çıxaran Aqil də 93-cü dəqiqədə zədələndi, onu xərəkdə apardılar. Hamı gözləyirdi ki, Getman Aqilin əvəzinə ya yeni transfer Emil Balayevi, ya da gənc Rza Cəfərovu "çərçivə”yə göndərəcək. Lakin Brkiç əlcəklərini yenidən əlinə keçirib, meydana daxil oldu. Lap məhəllə futbolunda olduğu kimi. Peşəkar futbolun qaydası var, əvəzlənən futbolçu yenidən meydana qayıda bilməz. Əvəzləmə limiti bitibsə, zədələnən qapıçın yerində oyunçulardan biri dayanmalı idi. Belə hallarla dəfələrlə qarşılaşmışıq. Getman isə belə etmədi. Səbəbini biz bilmirik. Amma bu kuryoz hadisə Sankt-Peterburqdakı turnirin də səviyyəsini ortaya qoydu. Rusların tərifləməsi ilə deyil ki...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->