Siyasət 14:32 11.10.2022

İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi oldu (FOTO/YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qırğız Respublikasına dövlət səfəri başlayıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsi "Manas” Beynəlxalq Hava Limanına enib.

Hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb.

Dövlət səfəri çərçivəsində dövlət başçıları ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.

Bundan əlavə, dövlət səfəri çərçivəsində "Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulub.

***
 
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə "Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi və üzərinə gül dəstəsi qoydu.

Məlumat verildi ki, "Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilib. Memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit” - "Ataların məzarlığı” adlandırılıb.

Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən - memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.

Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.

Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan "Urkun” abidəsi də var.

***
 
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Qırğızıstan Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qırğızıstan Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.