Xəbər lenti

Siyasət 13:44 19.02.2024

"İlham Əliyevin Türkiyə səfərinin geosiyasi, iqtisadi və hərbi əhəmiyyəti var" (ŞƏRH)

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın dəvəti ilə Ankarada səfərdədir. Bu gün Ankarada Ərdoğanla İlham Əliyev arasında görüş olacaq. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılayacaq. Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, ardınca isə geniştərkibli görüş olacaq.

Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Ərdoğanla İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər. Daha sonra prezidentlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanacaq.

Ardınca İlham Əliyev və Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. Səfərin sonunda Türkiyə Prezidenti azərbaycanlı həmkarının şərəfinə rəsmi şam yeməyi verəcək.

Dövlət başçısının Türkiyəyə səfərini şərh edən politoloq Azər Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, İlham Əliyevin Türkiyəyə səfərinin geosiyasi, iqtisadi və hərbi əhəmiyyəti var:
 


"Çünki Azərbaycanı və Türkiyəni bir biri ilə bağlayan tarixi və milli-dini bağlar mövcuddur. İlham Əliyev "bizim ailəmiz Türk dünyasıdır" deyə bəyan etdi. Türk dünyasının perspektivi Türkiyə və Azərbaycandan asılıdır. Eyni zamanda, İlham Əliyev İƏT-in əhəmiyyətinə vurğu etdi. Türkiyə bu gün İslam dünyasının avanqardını təşkil edir. Azərbaycan da İslam dünyası ilə həmrəyliyi dövlət siyasətinin mühüm hissəsi hesab edir". 

Azər Hüseynov onu da vurğulayıb ki, Azərbaycan həm də beynəlxalq maliyyə və iqtisadi münasibətlərinin əsas oyunçularındandır:

"Münhendə İlham Əliyev həm Türkiyə XİN rəhbəri Hakan Fidanla, həm də İsrail Prezidenti İshak Hersoqla görüşü oldu. Ehtimal ki, Azərbaycan Yaxın Şərq prosesində də vasitəçilik edir. Amma bunu sakit və səliqəli həyata keçirir. Azərbaycan və Türkiyə Rusiya ilə, Ermənistanla münasibətləri koordinasiya edirlər. Beləliklə, demək olar ki, İlham Əliyevin səfərində yaxın bir il ərzində birgə fəaliyyətin koordinasiyası üzrə təməl vizyon formalaşacaq, daha sonra nazirliklər və qurumlar detallar üzrə işləyəcəkdir. Türkiyə və Azərbaycanın baģları yalnız emossional hissi deyil, həm də praktik və praqmatikdir. Unutmaq lazım deyil ki, Azərbaycan Türkiyənin ən əsas investoru, Türkiyə isə bizim strateji hərbi təhcizatçımızdır. ABŞ-ın, Britaniyanın, Avopa İttifaqının, İranın və ərəb dünyasın regional və regionlar arası davranışı da bizim Türkiyə ilə münasibətlərinə bağlıdır".

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->