"Game of Thrones” serialında Cersei Lannister obrazı ilə tanınan britaniyalı aktrisa Lena Hidi illər əvvəl serialın çəkilişləri zamanı üzləşdiyi sərt tənqidlərdən danışıb.
Qaynarinfo xəbər verir ki, aktrisanın sözlərinə görə, çılpaq səhnədə özü əvəzinə dublyordan istifadə etməsi bəzi tamaşaçıların kəskin reaksiyasına səbəb olub.
52 yaşlı aktrisa "The Telegraph” qəzetinə müsahibəsində bildirib ki, "Game of Thrones” serialındakı məşhur "utanc yürüşü” səhnəsində canlandırdığı Cersei Lannister obrazının çılpaq görünməsi tələb olunurdu. Lakin o, həmin səhnənin çəkilişlərində dublyordan istifadə etməyə qərar verib.
Lena Hidi qeyd edib ki, bu qərar ictimaiyyətə məlum olduqdan sonra gözləmədiyi dərəcədə sərt tənqidlərlə üzləşib:
"İnsanların qəzəbinə həqiqətən təəccübləndim. Elə davranırdılar ki, guya tamaşaçıları aldatmışam. Halbuki həmin dövrdə aktyor heyəti hamıya yaxşı tanış idi. Çəkilişlər zamanı 3 mindən çox kütləvi səhnə iştirakçısı var idi və hərəkət etmək belə çətin idi”.
O əlavə edib ki, çılpaq səhnədə rol almadığı üçün bu qədər mənfi münasibətlə qarşılaşacağını heç vaxt düşünməyib.
Sənayedəki problemlərə diqqət çəkdi
Lena Hidi müsahibəsində kino və televiziya sənayesində qadınların üzləşdiyi problemlərdən də danışıb. Onun sözlərinə görə, uzun illər ərzində bəzi kişilərin qəbuledilməz davranışlarına göz yumulub.
Aktrisa bildirib ki, "Game of Thrones” serialında çoxsaylı çılpaq səhnələr bəzi aktyorlar üçün narahatlıq yaradırdı. O, peşəkar təcrübəsi sayəsində bu cür tələblərə etiraz etməyin daha asan olduğunu, gənc və təcrübəsiz aktyorların isə eyni imkanlara malik olmadığını vurğulayıb.
"Karyeramın həmin mərhələsində artıq kifayət qədər təcrübə toplamışdım və özümü müdafiə edə bilirdim. Digər aktyorların bunu bacarmadığını demirəm, sadəcə onlar daha gənc və daha kövrək idilər”, deyə o bildirib.
"İlk illərdə hər şeyə razı olurdum"
Aktrisa xatırladıb ki, karyerasının ilk illərində qadın aktyorlar üçün öpüşmə, intim münasibət və ya bədənin nümayiş etdirildiyi səhnələr "gənc qadın rolları” adı altında adi hal kimi təqdim olunurdu.
"Sadəcə işimi görürdüm. Aktyorluq məktəbi bitirməmişdim. Çəkiliş meydançasına gələndə yeganə düşündüyüm "İlahi, mənim işim var" olurdu. Özümü təhlükəsiz hiss edib-etmədiyimi belə sorğulamırdım. Evə gedib ağlayır və ya ‘Bu bir az qəribə idi’ deyə düşünürdüm. İndi geriyə baxanda anlayıram ki, bəzi vəziyyətlər həqiqətən də çox çətin olub”, deyə Lena Hidi bildirib.
Yeni layihəsi
Aktrisanın hazırda rol aldığı "Intimacy” adlı BBC dramı film çəkiliş meydançalarında çalışan yaxınlıq (intim səhnə) koordinatorundan bəhs edir. Süjetə görə, baş qəhrəman birlikdə işlədiyi rejissorun illər əvvəl ona cinsi zorakılıq törədən şəxs olduğunu anlayır.
Lena Hidi bundan sonra da əsasən qadınların hekayələrini mərkəzə alan layihələrdə iştirak etmək istədiyini bildirib.
Aydın
Şərhlər