Dövlət peşə təhsili müəssisələrində illik təhsilhaqqı 500-6500 manat arasında dəyişir.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, dövlət peşə təhsili müəssisələrində ilkin peşə təhsilinin qiyməti 500-800 manat arasında dəyişir:
"Texniki peşə təhsilinin qiyməti 500-1700 manat arasındadır. Yüksək texniki peşə təhsilinin qiyməti 1280-2700 manat, sertifikat proqramlarının qiyməti isə 2500-6500 manatdır".
İlqar Bayramlı əlavə edib ki, Azərbaycan və Türkiyə hökumətləri arasında 2025-ci ilin sonunda təsdiq edilən protokolun icrası çərçivəsində Azərbaycanda birgə peşə təhsili müəssisələrinin yaradılması nəzərdə tutulur.
"Müəssisələrdən biri Bakıda, digəri isə Qubada fəaliyyət göstərəcək. Müəssisələrdə 5 istiqamət üzrə ixtisasların təqdim olunması planlaşdırılır. Hazırda layihənin icrası ilə bağlı işlər davam etdirilir. Məzunların diplomları Türkiyədə tanınacaq". - deyə o bildirib.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul prosesi bu gün başlayıb. İlk mərhələdə abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcəklər. Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər.//Trend
Şərhlər