Dünya şöhrətli müğənni Mark Entoni və model, keçmiş gözəllik kraliçası Nadia Ferreyranın ikinci övladı doğulub. Cütlük yeni doğulan qızlarının dünyaya gəldiyini sosial şəbəkədə paylaşıb.
Qaynarifno xəbər verir ki, Mark Entoni və Nadia Ferreyra qızlarına Mila adını veriblər. Bu, cütlüyün ikinci övladıdır. Beləliklə, müğənni ümumilikdə səkkizinci dəfə ata olub.
Cütlük "Instagram” hesabında paylaşdıqları birgə açıqlamada bildirib:
"Əziz Milamızın dünyaya gəlişini sizinlə bölüşmək bizim üçün böyük nemətdir. Evimizdə yaşadığımız xoşbəxtliyi sözlə ifadə etmək mümkün deyil".
Paylaşımda yeni doğulan Milanın ilk fotosu da yer alıb. Cütlüyün 2023-cü ilin iyununda dünyaya gələn Marko adlı bir oğlu da var.
Hamiləlik xəbəri yanvarda açıqlanmışdı
Mark Entoni və 2021-ci ildə "Miss Universo Paraguay" titulunu qazanan Nadia Ferreyra ikinci övladlarının olacağını bu ilin yanvarında elan etmişdilər. Cütlük evliliklərinin üçüncü ildönümü münasibətilə paylaşdıqları fotoya belə bir qeyd əlavə etmişdi:
"Üçüncü ildönümümüz mübarək! Həyatın bizə bəxş etdiyi nə böyük hədiyyədir".
İki ay sonra Nadia Ferreyra çəhrayı rəngli körpə ayaqqabılarının fotosunu paylaşaraq qız övladı gözlədiklərini açıqlamışdı.
Dördüncü evlilik, səkkizinci övlad
Mark Entoni və Nadia Ferreyra 2022-ci ilin yazında nişanlanıb, 2023-cü ilin yanvarında Mayamidə evləniblər. Mətbuatda yayılan məlumatlara görə, toy mərasimində müğənni həyat yoldaşını gəlinlikdə görərkən kövrəlib.
Nadia Ferreyra ilə nikah Mark Entoninin dördüncü evliliyidir.
Müğənninin ilk övladı Arianna 1994-cü ildə Debbi Rosado ilə münasibətindən dünyaya gəlib. Cütlük daha sonra Çeys adlı bir oğlanı övladlığa götürüb.
Mark Entoni 2000–2004-cü illərdə keçmiş gözəllik kraliçası Dayanara Torres ilə evli olub. Bu nikahdan Kristian və Rayan adlı iki oğlu dünyaya gəlib.
Daha sonra müğənni Cennifer Lopez ilə ailə həyatı qurub. Bu nikahdan Emme və Maksimilian adlı əkiz övladları dünyaya gəlib.
Mark Entoni 2014–2017-ci illərdə model Şennon De Lima ilə də evli olub. Bu nikahdan övladları olmayıb.
Aydın
Şərhlər