Məşhur amerikalı müğənni Kristina Agilera ikinci dəfə ailə qurub.
Qaynarinfo "DailyMail"ə istinadən xəbər verir ki, sənətçinin seçdiyi şəxs 12 ildən çoxdur münasibətdə olduğu Metyu Ratlerdir. Bildirilir ki, sevgililər gizli şəkildə rəsmi nikaha daxil olublar, lakin onlar bu barədə hələ açıqlama verməyiblər.
Cütlük 2010-cu ildə Agileranın baş rolda oynadığı "Burlesk" filminin çəkilişləri zamanı tanış olub. Həmin vaxt Ratler prodüser köməkçisi kimi çalışıb, lakin iş münasibətləri qısa müddətdə romantik əlaqəyə çevrilib.
Dörd il sonra Metyu Ratler Kristina Agileraya evlilik təklifi edib. Lakin cütlük toy keçirməyə tələsməyib. Onların birgə qız övladı var.
"Yeni və gözəl evə köçdükdən sonra, onu "sığınacaq" adlandırırıq, uşağımız var və indi işə qayıtmaqdan çox məmnunam. Çox işim var və tarix təyin etməyə tələsmirəm", deyə müğənni bir neçə il əvvəl bildirib.
Agilera üçün bu nikah ikinci evlilikdir. Məşhurun ilk həyat yoldaşı musiqi prodüseri Jordan Bratman olub. Onların evliliyi altı il davam edib. Keçmiş cütlüyün Maks adlı oğlu var.
Kristina Agilera güclü vokalı ilə tanınan məşhur müğənnidir. O, yaradıcılığında pop, soul, R&B, caz və rok kimi müxtəlif musiqi janrlarını birləşdirib. Sənətçi çoxsaylı nüfuzlu mükafatlara layiq görülüb. O, altı "Qremmi" mükafatı qazanıb, "Rolling Stone" jurnalı tərəfindən bütün dövrlərin 100 ən böyük ifaçısından biri seçilib. Agilera həmçinin dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil edilib. Onun albomlarının ümumi satışı dünya üzrə 75 milyon nüsxəni ötürür.
Aydın
Şərhlər