"Google”un süni intellekt (Al) əsaslı yeni axtarış sistemi qlobal media sektorunda ciddi narahatlıq yaradıb. Şirkətin istifadəçilərə xəbər saytlarına keçid etmədən birbaşa qısa xülasələr təqdim etməsi bir çox media qurumlarının trafikinin və reklam gəlirlərinin azalmasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, dünyanın aparıcı nəşriyyatları isə məzmunlarının "Google”un süni intellekt sistemlərində istifadəsini məhdudlaşdırmağı və ya şirkətlə əməkdaşlığı yenidən nəzərdən keçirməyi müzakirə edir.
Uzun illər internetdəki xəbər və informasiya məzmununu milyonlarla istifadəçiyə çatdıran "Google” son dövrdə axtarış sisteminə inteqrasiya etdiyi süni intellekt funksiyaları vasitəsilə istifadəçilərə birbaşa qısa xülasələr təqdim edir. Nəşriyyatlar bildirirlər ki, bu yanaşma oxucuların xəbər saytlarına keçid ehtiyacını azaldır və nəticədə saytların ziyarətçi axını əhəmiyyətli dərəcədə aşağı düşür.
Media şirkətləri hesab edirlər ki, "Google” onların hazırladığı xəbərlər və analitik materiallardan süni intellekt modellərinin təlimi üçün istifadə edir. Lakin həmin məlumatlar sonradan istifadəçilərə "Google” platformasında təqdim olunduğundan oxucular artıq mənbə saytlara keçid etmir. Bu isə reklam gəlirlərinin azalmasına səbəb olur.
"Reddit”, "Reuters”, "Politico”, "USA Today”, "The Economist” və "People” daxil olmaqla dünyanın aparıcı məzmun istehsalçıları "Google”un məzmunlarına çıxışını məhdudlaşdırmaq və ya onların süni intellekt sistemlərində istifadəsini bloklamaq imkanlarını nəzərdən keçirirlər.
Axtarış trafiki əhəmiyyətli dərəcədə azalıb
"Semrush” analitik şirkətinin məlumatına görə, 2025-ci ilin iyunundan 2026-cı ilin iyununa qədər olan dövrdə bir sıra iri media qurumlarının "Google” üzərindən əldə etdiyi orqanik axtarış trafiki nəzərəçarpacaq dərəcədə azalıb.
Əsas göstəricilər belədir:
* "Politico”nun "Google”dan gələn trafiki təxminən 20 faiz azalıb.
* "CNN”in "Google”dan gələn orqanik trafiki 31 faiz geriləyib.
* "Business Insider”in "Google”dan gələn ziyarətçi sayı 31 faiz azalıb.
* "USA Today”in milli nəşrinin "Google” axtarış trafiki 18 faiz aşağı düşüb.
Böyük Britaniyanın aparıcı media şirkətlərindən olan "Reach” açıqlayıb ki, "Google” üzərindən gələn ziyarətçi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz azalıb. Şirkətin məlumatına görə, bu azalma ümumi səhifə baxışlarını 40 faiz aşağı salıb və proqrammatik reklam gəlirlərinə mənfi təsir göstərib.
"Daily Mirror”, "Daily Express” və "Daily Star” daxil olmaqla 120-dən çox media brendini özündə birləşdirən "Reach”in gəlirləri ilin ilk yarısında 9 faiz azalaraq 232,9 milyon funt sterlinq təşkil edib. Maliyyə nəticələrinin açıqlanmasından sonra şirkətin London Fond Birjasında ticarət olunan səhmləri 20 faizdən çox ucuzlaşıb.
Nəşriyyatlar etiraz edir
Media qurumlarının əsas narazılığı "Google”un süni intellekt modellərini inkişaf etdirmək üçün onların hazırladığı məzmundan istifadə etməsi ilə bağlıdır.
"DJB Strategies” şirkətinin baş icraçı direktoru Devid Battl ) baş verənləri "bəzi nəşriyyat kateqoriyaları üçün mövcudluq məsələsi” adlandırıb. Onun sözlərinə görə, nəşriyyatlar artıq daha radikal addımları nəzərdən keçirirlər və "Google” ilə münasibətlərin yenidən qiymətləndirilməsi qaçılmaz görünür.
"Reddit” 60 milyon dollarlıq sazişi yenidən qiymətləndirir
"Reddit” də "Google” ilə əməkdaşlığını yenidən nəzərdən keçirən şirkətlər sırasındadır. Platforma 2024-cü ildə illik təxminən 60 milyon dollar dəyərində müqavilə imzalayaraq məzmununun "Google”un süni intellekt modellərinin təlimində istifadəsinə icazə vermişdi.
Lakin süni intellekt cavablarının istifadəçiləri xarici internet resurslarına daha az yönləndirməsi səbəbindən şirkət rəhbərliyi bu əməkdaşlığın gələcək üstünlüklərini qiymətləndirir. Bildirilir ki, tərəflər müddəti başa çatmaq üzrə olan müqavilənin yenilənməsi ilə bağlı danışıqlar aparırlar.
"USA Today”: Artıq mövqe nümayiş etdirməyin vaxtıdır
ABŞ-nin ən böyük milli qəzetlərindən olan "USA Today” də "Google”un məzmuna çıxışını məhdudlaşdırmaq variantını gündəmə gətirib.
Qəzetin daxil olduğu şirkətin baş icraçı direktoru Mayk Rid bildirib ki, "Google”dan gələn trafik azalmaqda davam edərsə, daha sərt addımlar atıla bilər.
Onun sözlərinə görə, artıq mövqe nümayiş etdirməyin və ‘bəsdir’ deməyin vaxtıdır.
Şirkət anlayır ki, "Google” botlarını bloklayacağı təqdirdə məzmunu həm süni intellekt xülasələrində, həm də klassik axtarış nəticələrində görünməyəcək. Bununla belə, rəhbərlik "Google” trafikindən asılı olmayan yeni gəlir modelləri üzərində işlədiyini açıqlayıb. "USA Today” həmçinin reklam texnologiyaları bazarında inhisarçılıq iddiası ilə "Google”a qarşı məhkəmə iddiası qaldırıb.
"Google” ittihamları qəbul etmir
"Google” isə nəşriyyatların tənqidlərini bölüşmür. Şirkət bildirir ki, süni intellekt əsaslı axtarış funksiyaları hər həftə internet saytlarına milyardlarla keçid təmin edir və istifadəçilərin dəyişən informasiya tələbatını qarşılayır.
Şirkət sözçüsünün sözlərinə görə, süni intellekt funksiyaları internet keçidlərini ön plana çıxarır və məzmun istehsalçılarının auditoriyasını genişləndirməyə kömək edir. "Google” əlavə edib ki, nəşriyyatlara məzmunlarının necə istifadə olunacağına nəzarət etmək üçün müxtəlif seçimlər təqdim edilir.
Şirkət həmçinin media qurumları ilə əməkdaşlığı gücləndirmək məqsədilə 200-dən çox nəşriyyata ödəniş edilən proqramlar həyata keçirdiyini açıqlayıb.
Bəzi media şirkətləri alternativ yollar seçir
Bəzi media qurumları isə "Google” ilə açıq qarşıdurmaya getmək əvəzinə yeni strategiyalar hazırlayırlar.
Dotdash Meredith bildirib ki, iki il əvvəl "Google”dan gələn trafik ümumi ziyarətçilərin 50 faizindən çoxunu təşkil etdiyi halda, bu ilin ilk rübündə bu göstərici təxminən 25 faizə düşüb. Buna baxmayaraq, şirkət tədbirlər, sosial media platformaları və mobil tətbiqlər vasitəsilə gəlirlərini artırmağa nail olub.
"People”, "Better Homes & Gardens” və "Travel + Leisure” nəşrlərinin sahibi olan şirkət həmçinin süni intellekt sistemlərinin məzmunu daha səmərəli emal etməsi üçün yeni texniki həllər üzərində çalışdığını bildirib.
Aydın
Şərhlər