Bir neçə gün öncə futbolumuzda yeni səhifə yazan, ilk dəfə Avrokuboklarda qrup mərhələsini adlayan klub ünvanına sahib çıxan "Qarabağ”ın Azərbaycanda yeri, qiyməti nə qədərdirsə, onun azarkeşlərinin, xüsusilə "İmarət Tayfa”nın da o qədər dəyəri var. Lakin son vaxtlarda sözügedən azarkeş qrupunun fəaliyyəti əvvəlki kimi yüksək səviyyədə deyil. Düzdür, danmaq olmaz, "İmarət Tayfa”nın hazırkı üzvləri də oyunlarda iştirak edir, "Qarabağ”a yetərincə dəstək verməyə çalışırlar, əziyyət çəkirlər. Ancaq bu, demək olar yalnız stadiona getməklə məhdudlaşır. "İmarət Tayfa” yeni yarandığı illərdə həm də ictimai-sosial fəaliyyəti, daha çox təbliğat ideyaları ilə diqqət mərkəzində qalırdı. Mətbuatla sıx əlaqə saxlamaqla yanaşı, stadionlarda digər rəqiblərin azarkeşləri ilə yüksək səviyyədə rəqabət aparırdılar. Hazırda isə o qədər də ciddi rəqabət gözə dəymir. Düzdür, pandemiya bir çox işlərə, fəaliyyətlərə mənfi təsir etdi. Amma bunu sırf pandemiya ilə də əlaqələndirmək düzgün deyil. Təbii ki, fanklubun yüksək səviyyəyə çatmasında, ictimai-sosial fəaliyyətində ayrı-ayrı insanların da rolu böyükdür. Həmin insanlardan biri də "İmarət Tayfa”nın yaradıcılarından, təşəbbüskarlarından olan fanklubun idarə heyətinin sabiq üzvü Elnur Quliyevdir. Hazırda sıravi azarkeş kimi sevimli komandasına dəstəyini davam etdirən Quliyevlə söhbətin maraqlı olacağını düşündüyümzdən ona "İmarət Tayfa”nın əvvəlki fəaliyyəti, "Qarabağ”ın durumu və bir çox suallarla müraciət etdik.
Onun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Elnur bəy, indiki azarkeşliklə bağlı düşüncələriniz necədir? Son illərdə "İmarət Tayfa”nın fəallığı sanki nəzərəçarpacaq dərəcədə azalıb...
- Əslində, mənə elə gəlir "İmarət Tayfa”nın indi stadionda sayı daha çoxdur. Çılğın azarkeşlik edirlər. Amma əvvlki illərdəki kimi tədbirlər olmur. İndi azarkeş olaraq oyunlarda daha çox iştirak edirlər. Son vaxtlarda "İmarət Tayfa”nın üzvü, şəhid Məhəmmədəlinin şəklini tribunadan asmışdılar. Hansı ki, əynində "İmarət Tayfa”nın forması və şərfi, əlində isə silahla dayanmışdı. "Bu gün tayfa, sabah batalyon”, "Allahverdi Bağırovun əsgərləriyik” yazılan böyük şüarlar da nümayiş olunub. Bu onu göstərir ki, "İmarət Tayfa” öz gücünə böyük işlər görə bilir. Fikir verirəm, indiki gənclər azarkeş qrupuna daha çox bağlıdırlar. Pandemiya ilə əlaqədar olaraq bəzi tədbirləri keçirmək mümkünsüzdür. Say məhdudiyyəti var, yaxud COVİD-19 pasportu hər kəsdə yoxdur. Bununla əlaqədar fəallıq bir qədər aşağı düşüb. Amma müəyyən işlər görülür. Məsələn, müharibə vaxtı ön cəbhəyə yardımlar edirdilər. Hansı ki, bunun üçün bəzi, adını çəkmək istəmədiyim futbolçular da kifayət qədər maliyyə dəstəyi göstərirdilər. O cümlədən azarkeşlər, "İmarət Tayfa” öz büdcəsi hesabına yardımlar göstərirdi. Sadəcə, bu barədə heç vaxt mətbuata açıqlama vermirdik. Bununla yanaşı bir çox üzvlərimiz döyüşlərdə iştirak etdi. Hətta xaricdə yaşayan dostlarımız var ki, müharibəyə getmək üçün Azərbaycana qayıtmışdı.
- "İmarət Tayfa”nın "Qarabağ”la bağlı tədbirləri olurdu. Bundan başqa, komandanın məşqləri zamanı, hətta futbolçulara elə meydançada şirniyyat da paylayırdılar. İndi belə şeylər varmı?
- Açığı, o qədər də yox. Əslində, düz edirlər. Çünki komandaya nə qədər yaxın olsan da, arada məsafə, pərdə saxlanılmalıdır. Azarkeş sərbəst olmalıdır. Müdaxilə edilməməli, göstərişlə iş görməməlidir. Həm də müəyyən çərçivələrdə sözünü deməyi bacarmalıdır. Rəqiblə yanaşı, yeri gələndə öz komandasına da təzyiq göstərməlidir. Bunu ümumən deyirəm, söhbət təkcə "Qarabağ” azarkeşlərindən getmir. Həm də ki, o mərhələni biz artıq keçmişik. Eyni zamanda azarkeşlər bunu edə də bilər. Yəni, kiminləsə dost kimi birlikdə ola, paxlava da verə bilər. Ümumiləşdirsək, "İmarət Tayfa” yenə də ictimai işləri görür, sadəcə, bizim qədər ictimaiyyətə qoşulmağa meyilli deyillər. "Ultras”lığın bir hissəsi yoxdur. Mətbuatla əlaqədə maraqlı deyillər. Nəsə lazım olsa, özləri məsləhətləşirlər, açıqlama verirlər.
- Bunu müsbət hal kimi qiymətləndirmək olar, yoxsa mənfi?
- Çox gözəl sual verdiniz. Şəxsi fikrimdir ki, ictimaiyyətlə, mətbuatla daimi əlaqədə olmaq lazımdır. Digər tərəfdən reallıq budur ki, insan bir işə köklənəndə, yaxşı olması üçün bütün fikrini ona yönəltməlidir. İndiki cavanlarda bunu görürəm. Onların işi azarkeşlikdir və bununla mükəmməl şəkildə məşğul olurlar. Başqa heç nəyə qarışmırlar.
- Əvvəllər sizdə həm mətbuatla əlaqələr mükəmməl idi, həm də azarkeşlik. Ancaq indi bu birtərəflidir...
- Məncə, əvvəllər ölkədə ictimai işlər görməyə meyilli olan gənclər daha çox idi. Məsələn, elan yazırdın ki, "gedək ağac əkək”. Dərhal ən azı 10 nəfər razılaşırdı. Deyirdin ki, tədbir keçirək, hər kəs dəstək göstərməyə çalışırdı. İdealoji və ya elmi çağırışlar edəndə ictimaiyyət çox dəstək olurdu. İndi bilmirəm, vaxt azlığıdır, ya nədirsə, belə hallar olmur.
- Əslində, o vaxt işsizlik səviyyəsi indiki kimi yüksək deyildi, çox insanlar çalışırdı. Buna baxmayaraq, yenə də tədbirlər keçirilirdi.
- İndi yoldaşlarla oturmaq üçün belə vaxt azlığı yaşayıram. Ola bilər, o vaxt düşüncələr də fərqli idi. İndiyə qədər "İmarət” tam müstəqil şəkildə idarə olunub. Kimsə müdaxilə etməyib. Bizim vaxtımızda idarə heyətinin 7 üzvü vardı. Bir nəfər sırf mətbuatla əlaqələr üçün ayrılmışdı. İctimai işlərə isə başqa biri cavadehlik daşıyırdı. Başqa biri isə tədbirlərin təşkilinə baxırdı. Təbii ki, istənilən halda bütün addımlar məsləhətləşmələrdən sonra atılırdı. Əlbəttə, bütün bu işlərdə maddi dəstək göstərənlər də olurdu. Fikir bildirmək lazımdırsa, bunu da edirdik. İndiki cavanların sistemini bilmirəm. Əvvəl belə idi, kim oyunlara daha çox gəlirdisə, o da söz sahibi ola bilərdi.
- İndikilər hansısa addımlar atmazdan öncə sizdən və ya "İmarət Tayfa”nın digər sabiq rəhbərlərindən məsləhət alırlarmı?
- Təbii ki, məsləhətləşirlər. Ümumi qrupumuz var, təklifləri müzakirə edirik. İndi açıqlamaq istəmirəm, qarşıdakı günlərdə müəyyən planlar həyata keçirmək istəyirik. Bir haşiyə çıxmaq istəyirəm. Fərq etməz, hansı rəqib olur-olsun, istəmərəm ki, "Qarabağ” rahat şəkildə kimisə 5:0 məğlub etsin. Təbii, azarkeş kimi komandanın çempionluğunu, daha da yüksəlməsini istəyirəm. Amma onu da istəmişəm ki, həmişə rəqabət olsun. Ölkə futbolunda "Qarabağ” üçün ciddi rəqiblərin olmasını istəyirəm. Faktiki bu gün ölkə çempionatında "Qarabağ”a rəqib görmürəm. Bu komanda üçün də ziyandır.
- Hazırda "Qarabağ”ın əsas rəqibi "Neftçi”dir. Bu iki komandanın azarkeşləri arasındakı rəqabət nə dərəcədə qaneedicidir?
- "Qarabağ” zəif olanda da "İmarət Tayfa” fəal idi. Getdikcə də fəallaşdıq. Ancaq düşünürəm ki, "Neftçi” itirdi. Komanda ötən mövsüm çempionluğu qazandı. İndi isə həm Avropada, həm də ölkədə özünə yaraşmayan, tənqid olunacaq dərəcədə performans göstərir. Azarkeş sayının azalması yaxşı hal deyil. İstəyirəm ki, rəqabət daha güclü olsun. Reallığı nəzərə alsaq, Azərbaycanda çempionata gəlmək istəyən çox azdır. Ona görə də deyə bilərəm ki, rəqabət qənaətbəxşdir. Bunu say və fəallıq baxımından da söyləmək mümkündür. İstərdim ki, bütün komandaların azarkeşləri belə olsun. "İmarət Tayfa” haqda onu da deyim ki, məsələn, Türkiyədə olsaydı, ən böyük fankluba çevrilərdi. Bu, təkcə tribunalara gəlib getməklə məhdudlaşmır. Həm ideologiya, həm təbliğata görə ən böyük fanklub olardı. Biz çalışırdıq ki, gənclər pis yollara düşməsinlər. Pis vərdişlərə öyrəşməsinlər. Nümunə, örnək olmaq istəyirdik. Bacardığımızdan daha artığını etməyə çalışmışıq.
- "İmarət Tayfa”nın Avropa filialı vardı. İndi onlar "Qarabağ”a xarici ölkələrdə nə dərəcədə dəstək ola bilirlər?
- Reallığı deyəcəyəm. Avropa filialının rəhbəri Vüsal qardaşımızla daim əlaqə saxlayırıq. O və ətrafındakılar çox bacarıqlı, savadlı uşaqlardır. Sonradan təhsillə əlaqədar onlardan bəziləri başqa şəhərlərə köçdü. Vüsal demək olar tək qaldı. Daha əvvəlki kimi oyunlara təşkilatlanmış şəkildə gedə bilmirlər. Böyük nailiyyət idi, Avropada hər oyuna gedirdilər. Bu zarafat deyil. Biz bəzən Bakının içində oyunlara gedə bilmirdik. Amma onlar İtaliyaya, İspaniyaya gedirdilər, minlərlə kilometr yol qət edib bütün oyunlarda iştirak edirdilər. İndi bacardıqları qədər, tək-tək də olsa oyunlara gedirlər.
- "Qarabağ” uzun müddətdən sonra tarixi ilkə imza atdı. Bu, nəyin hesabına oldu? Ümumiyyətlə, komandanın indiki heyətinin əvvəlkindən daha güclü olduğunu söyləyənlər də var. Siz necə düşünürsünüz?
- "Kayrat”la oyunlarda da göründü, "Qarabağ” indi daha ağıllı oynamağa başlayıb. Əvvəl daha böyük üstünlük olurdu, qapıya zərbələr, top saxlamaq filan... İndi daha ağıllı oyun nümayiş etdirirlər. Biri var qələbə qazanmaq üçün çox güc sərf edəsən, biri də var güc sərf etmədən ağılla oynayasan. "Qarabağ” Bakıda uduzsaydı, yenə də göstərdikləri oyun xoşuma gələcəkdi. Verilən tapşırıqları komanda Qurban Qurbanovun istədiyi şəkildə yerinə yetirməyə başlayıb. Ola bilər əvvəlki kimi, ustalıq səviyyəsi yüksək futbolçular yoxdur. Ancaq indi tapşırıqları 70-80 faiz yerinə yetirə biləcək oyunçular mövcuddur. Ona görə düşünürəm ki, nə qədər güclü rəqib olsa, "Qarabağ” keçəcək. Bəlkə də yanılıram, amma heyət baxımından əvvəlki "Qarabağ”ın daha güclü olduğunu düşünürəm. Reallığı qəbul etmək lazımdır. Həmişə baş məşqçini qınayırıq. Azərbaycana yaxşı futbolçu gəlmək istəmir. Lap nə qədər çox pul versələr belə, yenə istəmirlər. Amma gələnlər də həmişə müsahibələrində peşman olmadıqlarını bildirirlər. Könül istərdi ki, Azərbaycandakı bütün klublar "Qarabağ” səviyyəsində oynayardı. Ölkəmizin adına ləkə gətirən proseslər olub. "Qarabağ”ı nəzərdə tutmuram. Adını çəkmək istəmədiyim bəzi klublarda futbolçuların pulunu kəsirdilər. Onlar da gedib öz ölkələrində danışanda, təbii ki, heç kim Azərbaycana gəlmək istəməz. Belə proseslər olur.
- Hazırda "Qarabağ” ən yaxşı dönəmlərindən birini yaşayır, Avropada da sözünü deyir. Şübhəsiz hamı tərifləyir. Bəs komandanın və ya klubun mənfi yönləri varmı?
- Təbii ki, olmamış deyil. Amma bu barədə fikirləşməmişəm. Bəlkə də fikirləşsək, bir çox çatışmazlıqlar tapa bilərik. Əvvəllər problemlər daha çox olurdu və bu, mərhələ-mərhələ yoluna qoyulurdu. İndi hansısa problemlərin qaldığını hiss etmirəm. "Qarabağ”ı kənara qoyuram, bəlkə də bu, Qurban Qurbanova Allahın bir mükafatıdır. Çünki, məsələn, dolayı yolla "Qarabağ”a qələbə qazandırmaq istəyənlərə belə Qurbanov qarşı çıxırdı, etiraz edirdi. O, heç vaxt belə şeylərə getməyib. Qurbanovu həmişə məhz bu cür tanımışıq. Yalan penalti verəndə belə istəməyib. Yaxud da yıxılıb yerə vaxt aparmalarını heç vaxt futbolçulara tapşırmayıb. Şəxsiyyət kimi bütün bunlara qarşı çıxıb. Ona görə də bu bir mükafatdır. Klub rəhbərliyi həqiqətən də gördükləri işdə səmimidirsə, Allah onları da mükafatlandıracaq. Nələrisə sırf göstəriş xatirinə edirlərsə, heç bir uğur olmayacaq. Yəni özləri-özlərini aldadacaqlar.
- Klubun sabiq mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayırsınız?
- "İmarət Tayfa”nın üzvləri daim Nurlanla əlaqə saxlayır. Gözəl insanlarla həmişə münasibətlərimiz qalır. Əslində o, Nurlanın deyil, Azərbaycan-Ermənistan məsələsi idi. Erməni müsahibə verəndə heç nə demirlər. Burada hər kəs bacardığı köməkliyi göstərməli idi.
- Cəzanın yüngülləşdirilməsi üçün klubun atdığı addımlar qaneedici idi?
- Reallığı deyim, kənardan gördüyüm qədər qənaətbəxş deyildi. "İmarət Tayfa” olaraq nəsə iş görmək istəyəndə, onu bacardığımızdan artıq həyata keçirməyə çalışırdıq. Məsələn, biz stadiona buraxılmayan plakatları müxtəlif yollarla içəri salmağa çalışırdıq. Fikrimi belə izah edim, Nurlan İbrahimov cəzalanıb və bunun geri götürülməsi mümkün deyil. Belədə tanışlarla, UEFA-da hansısa yaxın insanla əlaqə saxlayırsan. Yaxud yaxşı münasibətdə olduğun vəkil varsa, məsləhət alırsan. 15-20 insanla imza toplayıb harasa müraciət edirsən. Məsələn, bizim gözəl xanım azarkeşimiz Sevinc Məmmədova heç Nurlanın xəbəri olmadan məndən soruşurdu ki, necə kömək edə bilərik? Deyirdi ki, mənə filankəsi tap, müraciət edək. Xanım ruhu ilə, onun çox böyük ürəyi var. Özü kiməsə müraciət etməyə utananda, bunu məndən xahiş edirdi. Nurlanın ətrafındakı insanlar, lap media nümayəndələri olsun, Sevinc qədər cəhd etsəydilər, bəlkə nələrisə dəyişmək olardı.
- "İmarət Tayfa”nın azarkeşlərinin də bu mənada, xüsusən Avropadakı oyunlarda hər hansı cəhdlər etdiyi görünmədi. Sizin dönəminizdə belə hadisə olsaydı, yəqin ki, Avropa arenalarında etirazlar görərdik...
- Vallah, bu barədə heç düşünməmişəm. Buna təkcə Nurlanın məsələsi kimi baxmadım. Əslində, o səhv etməyib. Sadəcə, ictimai şəxs olduğu üçün etdiklərini səhv kimi qələmə veriblər. Ola bilər ki, hansısa termini yanlış yazıb. Ona görə belə bir qərar çıxarmaq ədalətsizlikdir. Düzgün qərar deyil. "İmarət Tayfa” da daxil, onun cəzasının azaldılması üçün daha çox çalışsaydıq, bəlkə də nəyəsə nail ola bilərdik. Bunu Azərbaycan olaraq nəzərdə tuturam. Kimsə mənə desəydi, filan işi görmək lazımdır. Bunu artıqlaması ilə etməyə çalışardım.
Səbuhi Həsənov
Şərhlər